Press "Enter" to skip to content

Mobil nömrə daşınması statistikası

Osman Gündüz

BAYRAQDAR MEDİA – Daha çox hansı mobil operatordan imtina edilib və hansı operatorlar seçilib?

Azərbaycanda 10 ildən çoxdur ki, mobil nömrə daşınması xidməti aktivdir.

Yəni hansısa bir mobil operatorun abunəçisi öz nömrəsini olduğu kimi saxlamaqla digər bir operatorun şəbəkəsinə keçirə bilir. Daşınmadan sonra nömrə tam olduğu kimi qalır, amma başqa bir mobil operator ona xidmət göstərir.

Maraqlıdır görəsən hazırda bu sahədə statistika necədir?

Daha çox kimlərdən – hansı operatorlardan imtina edilib və daha çox hansı mobil operator seçilib?

Azercell-dən imtina edənlər Bakcell-i , yoxsa Nar-ı seçib? Bakcell-dən imtina edənlər Azercell-i yoxsa Nar-ı seçib?

Görəsən nömrəsini başqasına daşıdıqdan sonra yenidən əvvəlki operatoruna qayıdanlar olubmu?

Düşünürəm ki, bütün bunlar yetərincə ictimai əhəmiyyət kəsb edən statistikadır. Yəni “hansından imtina edilib, hansı seçilib” məsələsi mobil operatorlardan narazılıq səviyyəsini, xidmətlərin keyfiyyəti ilə bağlı vəziyyəti öyrənmək üçün əhəmiyyətli bir indeksdir.

Əlbəttə mobil operatorlar belə statistikanı açıqlamaqda maraqlı deyil.

Amma bu statistikanı İKTA təqdim edə bilər, daha doğrusu İKTA açıqlamalıdır bu tip məlumatları.

Ötən müddət ərzində İKTA internet xidmətləri sahəsində, internet provayderləri ilə bağlı ictimai nəzarət imkanlarının yaradılması istiqamətində müəyyən faydalı işlər görüb. Rəqəmsal platforma yaradıb və bu sektorla bağlı ictimai əhəmiyyətli məlumatları da zaman-zaman açıqlayır.

Amma bu qurumun mobil operatorlara yönəlik tənzimləyici addımları – ictimai nəzarət üçün imkanlar yarada biləcək addımlar hələlik müşahidə olunmur.

Düşünürəm ki İKTA tərəfindən mobil operatorlar arasında nömrə daşınması statistikasını real olaraq əks etdirən bir platformanın yaradılması faydalı olardı.

Bu statistikanın açıqlanması keyfiyyətsiz xidmətləri olan operatorlar üzərində ictimai qınağın formalaşdırılması, ictimai nəzarət imkanları yaradılması baxımından da əhəmiyyət kəsb edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.