Press "Enter" to skip to content

MEK ötən il ərzində oxuculara xidmət işini təkmilləşdirib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2024-cü ildə müasir kitabxana xidmət sahələrinə inteqrasiya edərək həm elmi araşdırmalara, həm də cəmiyyətin məlumat ehtiyaclarının qarşılanmasına öz dəstəyini göstərib, oxuculara müxtəlif mövzularda biblioqrafik xidmətlər təqdim etməklə Azərbaycanın elmi və mədəni inkişafının təmin edilməsinə öz töhfəsini verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “ötən 2024-cü ildə müasir dövrün qarşıya qoyduğu tələblərə uyğunlaşmaq üçün kitabxana öz iş prinsiplərində dəyişikliklər tətbiq edib. Belə ki, xidmət işini təkmilləşdirmək məqsədi ilə fondlardan oxucuların verdiyi sənəd sifarişinin vaxtı iyun ayından etibarən saat 20:00-dək uzadılıb. Bu yeniliyin tətbiqi oxuculara kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsini, onlara operativ, dolğun informasiya xidmətinin həyata keçirilməsini təmin edir. Bundan əlavə, MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədi ilə hər ay “Açıq qapı günləri” layihəsi keçirilir. Geridə qalan ilin nailiyyətlərindən biri və AMEA-nın tarixində ilk könüllülük hərəkatı olan “MEK Könüllüləri” də fəaliyyətləri dövründə oxuculara xidmət sahəsində aktiv iştirak ediblər”.

Sonra xəbərdə, “sorğularının tam və dolğun ödənilməsi üçün MEK ənənəvi fondla bərabər zəngin elektron mətn, audiovizual və müasir dövrün tələblərinə cavab verəcək elektron kataloq sisteminə malikdir. MEK-in elektron kataloqu oxuculara kitabxananın ədəbiyyat fondunun tərkibi ilə tanış olmağı, öz sorğularına operativ və kitabxanaçı biblioqrafın köməkliyi olmadan uzaq məsafədən cavab almağı, ədəbiyyatı uzaq məsafədən sifariş verməyi təmin edir, oxuculara müasir səviyyədə onlayn olaraq xidməti təşkil etməyə şərait yaradır” deyə bildirilir.

Həmçinin xəbərdə deyilir ki, “keçən il ərzində oxucular İRBİS-64 proqramı, həm də kataloq-kartoteka sisteminə əsasən ənənəvi formada da biblioqrafik informasiya xidməti üzrə axtarış həyata keçirib. MEK oxucularının müraciətləri əsasında kitab, dövri mətbuat, avtoreferat və dissertasiya olmaqla, həm elektron, həm də ənənəvi kataloqda axtarış aparılıb ki, onların da sırasında ən çox sorğu edilən dilçilik, hüquq və tibb sahələri olub. Bununla yanaşı, oxucular bədii ədəbiyyata da maraq göstəriblər. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, o cümlədən ətraf mühitin qorunmasına, tarix və dövlətçiliyə dair kitablar ən çox sifariş olunanlar sırasında öz yerini tutub”.

Onu da qeyd edək ki, xidmətin səmərəli təşkil edilməsi məqsədi ilə oxuculara sorğu anketləri də təqdim olunur. Bu anketlər vasitəsilə oxucular MEK-də görmək istədikləri yeni kitabları müəyyən edir və kitabxananın fondu bu tələblərə uyğun şəkildə genişləndirilir.

Xatırladaq ki, 18 yaşdan yuxarı hər kəs MEK-ə üzv olmaqla kitabxananın zəngin fondlarından həm yerində, həm də onlayn şəkildə yararlana bilər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.