Press "Enter" to skip to content

Əsas hədəflərdən biri beynəlxalq nəqliyyat qovşağına çevrilməkdir

BAYRAQDAR MEDİA – Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumatda qeyd edilib.

Məlumata əsasən, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Doğudan Batıya, Quzeydən Güneyə gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir: “Bunun üçün bir tərəfdən beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, digər tərəfdən isə beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə aktiv iş apararaq dəhlizlərin funksionallığının artırılması tələb olunur. Azərbaycan ərazisindən keçən tranzit daşımaların multimodal strukturu, yəni dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsi beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıq və koordinasiyanı zəruri edir”.

Məlumata görə, qeyd edilən istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verməkdədir: “Azərbaycan üzərindən tranzit daşımaların əsas “onurğa sütunu”nu dəmir yolları təşkil edir ki, 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon ton, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11 faiz üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8 faiz, ağac, sellüloz, kağız məhsullarında isə 26 faiz artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89 faiz, kimya sənayesi məhsulları 12 faiz, daş kömür və digər yanacaq məhsulları 52 faiz artım göstərib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.