Press "Enter" to skip to content

 Aqrar Sığorta Fondundan əməkdaşlıq təklifi

Kənd Təsərrüfatı Nazirliyi

BAYRAQDAR MEDİA – Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin daha bir istiqaməti olan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənməkdə, bu sistemdən faydalanan fermerlərin sayı çoxalmaqdadır.
Hazırda 50 fazi dövlət dəstəyi ilə təklif olunan aqrar sığorta xidmətində əsas yeri tutan aqrar sığorta ekspertlərinə tələbat da sürətlə artır. Bu tələbatı qarşılamaq məqsədilə Aqrar Sığorta Fondu tərəfindən davamlı şəkildə ekspert təlimləri həyata keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta sistemində mühüm rola malikdirlər: “Təsərrüfatlara sığortadan əvvəlki baxışın keçirilməsi, fermerlərlə müqavilə bağlanması və hadisə baş verdiyi halda zərər ödənişlərinin hesablanması məhz aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir. Aqrar sığorta eksperti fəaliyyəti ödənişli xidmətdir, Aqrar Sığorta Fondu ilə ekspertlər arasında imzalanan xidməti müqaviləyə əsasən, yerinə yetirilən işlər müqabilində ekspertlərə xidmət haqqı ödənilir. Aqrar sığorta ekspertlərinin xidmət haqları fəaliyyət növündən, müqavilə və ya heyvan sayından, ərazinin sahəsindən asılı olaraq dəyişir”.

Bildirilib ki, “aqrar sığortanın əhatəsi və sığortalanmış təsərrüfat sayı artdıqca, eləcə də qlobal iqlim dəyişiklikləri nəticəsində təbiət hadisələri və onların təsərrüfatlara zərərləri artdıqca müstəqil aqrar sığorta eksperti fəaliyyətinə tələbat da artır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən müstəqil aqrar sığorta eksperti fəaliyyəti ilə peşə, orta ixtisas, ali təhsilin bakalavriat və magistratura mərhələləri üzrə 70-dən artıq ixtisasdan məzun olmuş şəxslər məşğul ola bilirlər. Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak edən və Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan keçən namizədlər 5 il müddətinə bitkiçilik, heyvandarlıq və akvakultura sahəsi üzrə sertifikat əldə edirlər və müstəqil aqrar sığorta eksperti kimi fəaliyyət hüququ qazanırlar”.

Məlumatda vurğulanır ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə qeydiyyat davam edir: “Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədləri 2024-cü ilin dekabrın 11-dən 2025-ci il fevralın 3-nə qədər qəbul ediləcək, təlimlər 2025-ci il 10-16 fevral tarixlərində keçiriləcək. Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək. Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları career@asf.gov.az elektron poçt ünvanına göndərmək lazımdır. Təlimlərlə maraqlanan şəxslərə ilkin qeydiyyat üçün linkə daxil olaraq müraciət anketində göstərilən suallar cavablandırmaq tövsiyə olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.