Press "Enter" to skip to content

2024-cü ildə Orta Dəhliz vasitəsilə konteyner daşımaları artıb

Konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır

BAYRAQDAR MEDİA – “ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb”.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumatda qeyd edilib.

Məlumata görə, 2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb: “Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir”.

Bildirilib ki, “Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.