BAYRAQDAR MEDİA – Şəkildəki bildiyiniz zoğal mürəbbəsidir. Əhvalatını danışım sizə.
2024-cü ilin sentyabrında Dədəlidə evdə oturmuşdum. Bir də hiss elədim, sanki kimsə pəncərənin qarşısından keçdi. Az sonra qapı döyüldü, açdım. Sabir dayı idi. Kəndimizin ağsaqqallarındandır. Yaşı 90-ı keçib, ömrü uzun olsun. Nə isə, “buyur” dedim, bir çay da verdim. Əlində də bir torba. Dedi, “sənə zoğal gətirmişəm. Öz həyətimdən, özüm yığmışam”.
Çox ləzzətli zoğal idi. Dedi, “ürəyimdən keçdi, sənə gətirdim. Yolda da düşünürdüm ki, birdən evdə olmazsan, nə yaxşı evdəsən”.
Sabir dayı ilə bir xeyli də söhbət elədik. Hər necə olmasa, bir əsrə yaxın yaşı var, bizim böyüklərimizi görüb, onları da yad elədik. Xoş oldu. Həm də ona görə ki, o yaşda ağsaqqalın könlündən mənə pay gətirmək keçib.
Dədəli belə yerdir, dostlar. Ona görə də bizim kəndin adamları yurda çox bağlıdır. Mən isə sadəcə bağlı deyiləm, yurduma aşiqəm.
Yeri gəlmişkən, bizim, əslində zoğala və zoğal mürəbbəsinə ehtiyacımız yox idi. Evdə yetərincə vardı. Amma düşündüm ki, bu ağsaqqal bu qədər əziyyət çəkib, meyvəni yığıb və gətiribsə, bunu mütləq bişirmək və çayını içmək lazımdır.
Payın artıq olsun, Sabir dayı. Nə yaxşı ki, sənin kimi ağsaqqallarımız var. Çox yaşa.
Sözardı: Sabir dayı illər öncə bu zoğalı öz həyətində əkib. Özü də toxumundan cücərdib. Mən də eyni qaydada toxumları cücərdib əkməyi düşünürəm. Qoy Sabir dayının bu gözəl ənənəsini davam etdirək. Söz verirəm, zoğal bar verəndə mən də beləcə öz əlimlə yığıb pay verəcəyəm.
İlk şərhi yaza bilərsiniz