BAYRAQDAR MEDİA – Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri günüdür. Ümumilikdə ölkə üzrə 125 seçki dairəsindən 118-də bu seçkilər təşkil edilib. Yerdə qalan 7 dairə isə uzun illər Ermənistanın işğalı altında olması səbəbindən hələ də məskunlaşmamış Qarabağ və Şərqi Zəngəzur ərazisini əhatə etdiyi üçün orada seçkilərin təşkili baş tutmur. Bununla belə ölkənin bütün ərazisində fəal şəkildə namizədlər irəli sürülüb, yarışma gedir. Mərkəzi Seçki Komissiyası artıq minlərlə iddiaçının bu yarışa qoşulması haqqında məlumat verib. Namizədlərin irəli sürülməsi başa çatıb, təşviqat mərhələsi də başlayıb.
Bu mərhələdə BAYRAQDAR MEDİA ümumi mənzərəyə xüsusi pəncərədən baxmaq üçün namizədlərdən biri ilə söhbət etmək qərarına gəlib.
Həmsöhbətimiz Bakıdakı Xətai Bələdiyyəsinin üzvlüyünə namizəd Səbinə Abdullayevadır. Önə qaçaraq bildirmək istərdik ki, Səbinə xanım gənc olmasına rəğmən bələdiyyəçilik sahəsində yetərincə təcrübəyə malikdir. Eyni zamanda ictimai fəaldır, media ilə də fəal şəkildə işləyir. Həm də fərqli – tənqidçi mövqeyini gizlətmir, əksinə, işlərin daha rəvan getməsi və bələdiyyələrin effektiv fəaliyyəti üçün təkliflərini dilə gətirir.
Bələdiyyə yalnız torpaq satan qurum deyil…
İlk sualımız Səbinə xanımın yenidən bələdiyyə üzvlüyünə namizədliyini irəli sürməsinin səbəbi ilə bağlı oldu. Həmsöhbətimiz sözünə xoş diləklərlə başlayır:
-Yeni başlayan 2025-ci ilin xalqımız, dövlətimiz üçün düşərli olmasını arzu edirəm. 2009-cu ildən Xətai Bələdiyyəsinə üzv seçilmişəm. Bələdiyyənin hüquq, sosial və gender məsələləri üzrə komissiyalarında fəaliyyət göstərmişəm. Bu illər ərzində bələdiyyə üzvü kimi bir sıra sosial, mədəni layihələrin icrasında iştirak etmişəm. Layihələrin əsas hədəf qrupları qadınlar, uşaqlar və sahibsiz heyvanlar olub. Bütün bu layihələr sosial şəbəkələrdə, mətbuatda, həmçinin Gənclər və İdman, eləcə də Mədəniyyət nazirliklərinin saytlarında işıqlandırılıb.
Xətai Sənət Mərkəzində 200 nəfərdən çox uşaqla ilk dəfə Xətai Bələdiyyəsinin üzvü olaraq Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Rayon Gənclər və İdman İdarəsinin, Dövlət Rəssamlıq Akademiyasının iştirakı ilə böyük sərgi də keçirmişik. Xatirimdədir, bu vaxt bir ana mənə yaxınlaşaraq demişdi ki, “biz elə bilirdik bələdiyyə ancaq torpaq satan qurumdur, amma belə gözəl rəsm sərgisi də keçirirmiş”. Bu söz məni qürurlandırmışdı. O cür ata-analar indi də bizim keçirəcəyimiz bu cür sərgiləri gözləyirlər. Yəni demək istədiyim odur ki, belə işlərimizi görən seçicilər yenidən namizəd olmağımı istədilər. Təbii ki, bu, mənim üçün böyük motivasiya və xoşbəxtlikdir.
Yaşıl və innovativ Xətai üçün
-Təşviqat plakatınızdakı şüarlar diqqətimizi çəkdi: “Uşaqlar və qadınlar üçün; Yaşıl və innovativ Xətai üçün”. Fərqli istiqamətlərdir, amma ikisinə də diqqət ayırmağı vəd edirsiniz. Səbəbini izah edə bilərsinizmi?
-Maraqlı sualdır. Həyatda hər şey vəhdət təşkil edir. İnsanlar, təbiət və artıq həyatımızın yeni və ayrılmaz bir parçası olan texnologiya da… Niyə qadın, niyə uşaqlar? Çünki özüm də bir qadınam. Qadın qadının yuvası olmalıdır. Qadın qadına dəstək olmalıdır. Qadın anadır, həyat yoldaşıdır, sevgilidir, bacıdır. Bir sözlə, qadın həyatın özüdür. Odur ki, biz həyatın özünü qorumalıyıq. Qlobal iqlim dəyişikliyi, müharibələr, zəlzələlər, daşqınlar və bu kimi hallardan ən çox qadın və uşaqlar əziyyət çəkir… Biz çalışmalıyıq ki, ölkəmizdə, dünyamızda daha çox ekoloji saflıq, yaşıllıq qorunsun. Buna görə hər birimiz məsuliyyət daşıyırıq. 2024-cü ildə ölkəmizdə keçirilmiş COP29 tədbirlərinin də əsas məqsədi bu idi. Xətai rayonunda da yaşıllığın artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ağacəkmə aksiyaları təşkil edilir, meşə yönümlü parklar salınır. Cənab prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva bu parkların açılışında iştirak edir. Qeyd edim ki, bələdiyyə üzv və qulluqçuları rayonun ağacəkmə aksiyalarında fəal iştirak edir.
…ictimai fəallığa sevərək can atmışam
-Gənc, yetərincə gözəl və çalışqan bir xanımsınız. İctimaiyyət içində də tanınırsınız, izləyiciləriniz sizə daim rəğbətlə yanaşır. Maraqlıdır, niyə başqa sahədə deyil, məhz bələdiyyədə xidmət etməyə üstünlük verirsiniz?
-Dəyərli sözlərə görə təşəkkür edirəm. Özümü tanıyandan həmişə ictimai fəallığa sevərək can atmışam. Hərdən düşünürəm ki, mənim missiyam təkcə özümə yox, gücüm yetdiyi qədər insanlara, təbiətə faydalı ola bilməkdir. Bəzən bunu təkbaşına etmək çətindir. Ona görə insanlara xidmət üçün yaradılmış və kollegial qurum olan bələdiyyədə çalışmaq sakinlərə, təbiətə daha da yaxından dəstək olmağımız üçün əlverişlidir. Mən qarşıdan gələn bələdiyyə seçkilərində bütün layiqli namizədlərə uğurlar arzu edirəm. Seçicilərimizə isə yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilərdə aktiv iştirak edərək bacarıqlı, layiqli namizədlərə səs vermələrini tövsiyə edərdim. Unutmayaq, biz birlikdə güclüyük. Sizə isə, maraqlı suallara görə bir daha təşəkkür edir, işlərinizdə uğurlar diləyirəm.
Nə deyirik? Biz də öz növbəmizdə Səbinə xanıma, onun kimi iddia haqqı olanlara uğurlar diləyirik. Doğrudan da bələdiyyə üzvləri məhz Səbinə xanım kimi – cəmiyyətlə, özəlliklə də təmsilçisi olduqları ərazinin sakinləri ilə iç-içə çalışmalı, insanların qəlbində taxt qurmağı bacarmalıdırlar. Belə olanda isə problemlərin çoxu öz-özünə həll edilir.
İlk şərhi yaza bilərsiniz