BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədi ilə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyası keçiriləcək.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd edilir ki, “bununla bağlı 7-8 yanvar tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət, Ə.Bakıxanov adına 6 nömrəli və 37 nömrəli Uşaq Musiqi məktəblərində, R.Behbudov adına 2 nömrəli və T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəblərində məlumatlandırma sessiyaları keçirilib. Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov, Mərkəzin direktor müavini Eldar Qocayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər”.
Qeyd edək ki, sessiyaların keçirilməsində əsas məqsəd attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunub maarifləndirici söhbətlər aparmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.
Görüş zamanı qarşılıqlı dialoqlar vasitəsilə bir çox fikirlər səsləndirilib və geniş müzakirələr aparılıb.
İlk şərhi yaza bilərsiniz