Press "Enter" to skip to content

Prezidentin müsahibəsi – yol xəritəsi – VİDEO

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev növbəti dəfə bir müsahibə ilə bütöv bir yol xəritəsi cızdı.

Bəli, onun yanvarın 7-də Azərbaycanın 5 TV kanalı – AzTV, İctimai TV, Real TV, CBC (rusca), və Anewz TV-yə (ingiliscə) verdiyi müsahibə məhz belə dəyərləndirilməlidir.

Prezidentin müsahibəsində Azərbaycanın iç işlərindən tutmuş qlobal səviyyədə oynadığı rola qədər hər məsələyə toxunuldu. Elə bir məsələ qalmadı ki, bu müsahibə ərzində ona toxunulmasın, onun izahı verilməsin.

Biz tək bir müsahibədə İlham Əliyevin növbəti dəfə olduqca təcrübəli, geniş məlumatlı, qətiyyətli lider obrazını gördük. Həm də onu gördük ki, o, hər zamankı kimi sözündə və əməlində düzxətli yoldadır, milli maraqları hər şeydən üstün tutur, tutmağa da davam edəcək.

Müsahibədə Azərbaycan xalqını düşündürən əsas məsələlər – Ermənistanla münasibətlərin tənzimlənməsi, Zəngəzur dəhlizi, Rusiya və İranla münasibətlər, Fransa və ABŞ Bayden Administrasiyasının davranışları – hər şey haqqında açıq danışıldı. Həm də qətiyyətlə. Həm də gərəkli qədər kəskin!

Biz bu müsahibədən bir daha anladıq ki, Rusiya Azərbaycan təyyarəsini vurub və buna görə cavab verməlidir!

Biz anladıq ki, Azərbaycan Prezidenti İranın yeni Prezidenti ilə münasibətlər haqqında hələ ki, qəti fikir söyləməyə tələsmir.

Biz anladıq ki, İranı idarə edən rejim Azərbaycan səfirliyinə təşkil edilmiş məlum terror hadisəsinin arxasındadır!

Biz onu da anladıq ki, İranın hansısa əyalət mollasının hədsizliyi Prezident İlham Əliyevin də diqqətindən yayınmayıb və o, buna görə İran hakimiyyətindən açıqlama gözləyir.

Biz ona da təkrar əmin olduq ki, Azərbaycan dövləti qlobal səviyyədə o qədər irəli çıxıb ki, Fransa kimi bir dövlət bizi onun daxili işlərinə qarışmaqda ittiham edəcək qədər zəif duruma düşüb!

İlham Əliyev bir müsahibə ilə Qərbin Azərbaycanın içindəki zərərli fəaliyyətlərinə də aydınlıq gətirdi. O, özəlliklə də vətəndaş cəmiyyətinin öz yolundan sapdırılması üçün edilən cəhdlər, ABŞ və Avropanın klonlaşdırılmış maliyyə qurumlarının nələr etməyə çalışdığına aydınlıq gətirdi.

Prezident Avropa Birliyinin ziyanlı cəhdlərinin qarşısının alınmasını da ayrıca vurğuladı.

Eyni zamanda COP29-la bağlı proseslərə toxunan ölkə başçısı Azərbaycanın bu böyük məsuliyyətin öhdəsindən layiqincə gəldiyini də fəxrlə qeyd etdi.

Bizim üçün ən önəmli olan məqamlardan biri də Yaxın Şərq, qardaş Türkiyə və Türk Dövlətləri Təşkilatının sabahı ilə bağlı fikirlər idi. Bu dəfə də İlham Əliyev açıq şəkildə yol xəritəsi cızdı, Azərbaycanın sabahının məhz TDT və türk dünyasında olduğunu dedi!

Prezidentin qardaş Türkiyənin bölgədəki roluyla bağlı dedikləri isə dosta güvən, düşmənə göz dağıdır! O, dedi ki, Türkiyənin faydasına olan nə varsa, bizim də faydamızadır! Yəni Türkiyə haradadırsa, Azərbaycan da oradadır! Bu qədər açıq, bu qədər aydın!

Qərbi Azərbaycan məsələsi də qırmızı xətlə keçdi Prezidentin müsahibəsində. Açıq dedi bu dəfə də: Ermənistan Baş naziri Qərbi Azərbaycan icmasının təmsilçiləri ilə görüşüb müzakirə aparmalıdır!

Biz bir daha anladıq ki, Prezident İlham Əliyev Azərbaycanın iç işlərinə qarışmaq istəyən yad qüvvələrə keçid verməməkdə qərarlıdır! Həm də onu anladıq ki, bu işdə Azərbaycan xalqının etimadına güvənir, arxalanır!

Nə deyirik? Biz də Prezidentə güvənirik, arxasındayıq! İlham Əliyevin daş qoyacağı yerə baş qoymağa hazırıq! Hər zamankı kimi həm də!

Həm də ona hazırıq ki, İlham Əliyev bizi arzusunda olduğumuz müqəddəs hədəflərə doğru aparmağa davam etsin, biz də ona dəstək verək!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.