BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər (MEK) qiymətli nəşrlərdən biri də yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri…” kitabıdır.
2024-cü ildə nəşr edilmiş kitab Vətən müharibəsinə və Azərbaycan Ordusunun 2023-ü il 19-20 sentyabr tarixli qısamüddətli antiterror əməliyyatının birinci ildönümünə həsr olunub.
Müəllif kitabda 2020-ci ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük Zəfəri ilə yekunlaşan 44 günlük II Qarabağ müharibəsini, Azərbaycan xalqının tarixin bu sınağından Zəfərlə çıxmasını dünyaya nümayiş etməyini və Vətənə sonsuz sevgisini təcəssüm edir. O, II Qarabağ müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqların düşmən tapdağından təmizləməsindən və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən bir neçə fatehdən (əsgər və zabitlərdən) söhbət açır.
Kitabın baş qəhrəmanı peşəkar hərbiçi, zabit, müharibədə şəhid olan Əmrulla Vahid oğlu Əliyevdir. Nəşrdə onun hərbi yolu, Vətənə şərəflə xidmət etdiyi göstərilir. Kitabda həmçinin Vətən müharibəsində qəhrəmancasına həlak olan, habelə Milli Orduda xidmət edən bir neçə əsgər və zabit haqqında məlumat verilir. Burada Ə.Əliyevin yazdığı şeirlər də ayrıca bölmədə verilib. Kitab şəhid, qazi və veteranlara ucaldılmış Zəfər abidəsidir və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, nəşrin redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, hərbi məsləhətçiləri isə Həmid Cəfərov, Murad Beydiyev, İlqar Hüseynov, Eldar Qurbanov, Ceyhun Sadıqovdur.
İlk şərhi yaza bilərsiniz