Son yeniləmə: 7 Yanvar 2025 12:22
Hasan Öztürk: Qurultaydan sonra Türkiyə cəmiyyəti özünü həm kadrlar, həm də zehni olaraq yeniləməyi planlaşdıran proqrama malik yeni bir AK Partini görəcək
BAYRAQDAR MEDİA – “AK Parti 2024-cü il martın 31-də keçirilən yerli seçkilərdən sonra məğlubiyyətin səbəblərini araşdırır. Bunu öz daxilində müzakirə edir”.
Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində deyib.
8-ci qurultayı da bu prosesin davamı kimi tarixə düşəcək
O, qeyd edib ki, AK Partinin fevralda keçiriləcək 8-ci qurultayı da bu prosesin davamı kimi tarixə düşəcək: “Cümhurbaşqanı və AK Parti rəhbərliyinin başlatdığı geniş müşavirə prosesinin ardından əyalət konqresləri dövrü başladı. Bu günlərdə hər gün əyalət və mahal konqresləri davam edir. Sayın Cümhurbaşqanı AK Parti genel başqanı olaraq bütün Türkiyə üzrə əyalət konqreslərində də iştirak edir. Məhz bu prosesin davamı olaraq fevralın 23-də AK Partinın səkkizinci qurultayından çox böyük gözləntilər var”.
Bu, AK Partinin növbəti qurultayda gəncləşəcəyi anlamına gəlir
Qeyd edilib ki, qurultaydan sonra Türkiyə cəmiyyəti özünü həm kadrlar, həm də zehni olaraq yeniləməyi planlaşdıran proqrama malik yeni bir AK Partini görəcək: “Məsələn, İstanbulda AK Parti tamamilə gənclik qollarından gələn gənclərdən ibarət yeni bir komanda qurdu. Bu, AK Partinin növbəti qurultayda gəncləşəcəyi anlamına gəlir. Amma eyni zamanda AK Partidə zehni bir transformasiya dövrü başlayacaq, partiya daxilində yeni bir paradiqma, yeni bir xətt də inkişaf etdiriləcək”.
Fevralın 23-dən sonra AK Parti Türkiyədə növbəti seçkilərə hazırlığa başlayacaq
Müsahibimiz hesab edir ki, xarici siyasət bu müzakirənin mərkəzində dayanacaq: “Bu da səbəbsiz deyil. Türkiyənin öz bölgəsindəki və dünyadaki yeni formalaşmalarla bağlı mövqeyi AK Partinin yeni proqramında yer alacaq. Ən əsası, düşünürəm ki, fevralın 23-dən sonra AK Parti Türkiyədə növbəti seçkilərə hazırlığa başlayacaq. Düzdür, növbədənkənar seçkilər vaxtının bir qədər irəli çəkilməsi mümkündür. Çox güman ki, 2027-ci ilin noyabr ayının sonunda Türkiyədə seçkilər olacaq”.
Qurultaydan sonra AK Parti hökumətində dəyişiklik gözlənilir
H.Öztürk vurğulayıb ki, AK Parti qurultaydan sonra məhz bu yeni baxışla sahəyə dönəcək: “Qurultaydan sonra AK Parti hökumətində dəyişiklik gözlənilir. Ola bilsin ki, partiyadakı yeni kadrlar hökumətdə də özünə yer tapsın”.
İlk şərhi yaza bilərsiniz