Son yeniləmə: 7 Yanvar 2025 12:23
ADY əvvəlki illərdə olduğu kimi, 2024-cü il də bütün sərnişinlərə bərabər səyahət imkanlarının yaradılması istiqamətində bir sıra işlər görüb
BAYRAQDAR MEDİA – Hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Məlumata görə, ADY əvvəlki illərdə olduğu kimi, 2024-cü il də bütün sərnişinlərə bərabər səyahət imkanlarının yaradılması istiqamətində bir sıra işlər görüb: “Buna misal olaraq autizmli şəxslərin cəmiyyətimizə inteqrasiyası üçün bir çox layihələr həyata keçirilib, qatar bələdçiləri həssas qruplarla davranış qaydaları barədə təlimlərə cəlb edilib. Həmçinin autizmli şəxslərin cəmiyyətə qazandırılması istiqamətində çalışan təşkilatlarla sıx əməkdaşlıq edilir, müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir”.
Bildirilib ki, “bununla yanaşı, qatarlarda inklüziv səyahətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur: “İstər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar Brayl əlifbasında təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər”.
İlk şərhi yaza bilərsiniz