Son yeniləmə: 6 Yanvar 2025 09:23
Bakı–Balakən–Bakı reysi bərpa edildi
BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yanvarın 3-dən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Məlumata görə, Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 faizdən çox olub: “Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq”.
Bildirilib ki, “sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 AZN, standart+ sinif üzrə 17,6 AZN, biznes sinif üzrə 54,6 AZN, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 63,3 AZN, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 67,7 AZN-dir. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 AZN, standart+ üzrə 27 AZN, biznes sinif üzrə 72 AZN-dən başlayır. Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər”.
Məlumatda o da qeyd edilib ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib: “Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir. Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib”.
ADY-nin məlumatında o da vurğulanıb ki, sərnişinlərə səfər dəstləri təqdim edilir: “Bundan başqa, biznes sinif üzrə xüsusi menyu hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir. Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, biznes sinif üçün isə 50 kq müəyyən olunub. Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir”.
İlk şərhi yaza bilərsiniz