Son yeniləmə: 6 Yanvar 2025 12:14
Çingiz Göytürk: Bu şounun Ərdəbil əyalət mollası Amilinin şəxsi təşəbbüsü ilə düzənləndiyini düşünmək ciddi bir xəta ola bilər
BAYRAQDAR MEDİA – “Əvvəla onu qeyd edim ki, bu şounun Ərdəbil əyalət mollasi Amilinin şəxsi təşəbbüsü ilə düzənləndiyini düşünmək ciddi bir xəta ola bilər. İranda molla sisteminin necə işlədiyinə bələd olanlar yaxşı bilirlər ki, bu iyrənc şounun keçirilməsi təlimatı ancaq və ancaq İran dövlət siyasətində bütün ipüçlarını əlində tutan Seyid Əli Xamenei tərəfindən verilə bilər. Hesab edirəm ki məhz onun tərəfindən də bu şounun sifarişi verilmişdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Mərkəzi Şura başqanı Çingiz Göytūrk deyib.
Xatırladaq ki, 2024-cü ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbəri Seyid Əli Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana, Türkiyəyə və hər iki ölkənin dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib.
Öz növbəsində həmin addımı şou kimi dəyərləndirən Ç.Göytürk deyib ki, şounun məhz indi reallaşması heç də təsadüfi deyil: “İranın son 46 ildə Orta Doğuda formalaşdırdığı və qalxan olaraq istifadə etdiyi terror şəbəkələri 2024-cü ildə böyük ölçüdə çökdürüldü. Son olaraq isə mövcud İran rejiminin terror fəaliyyətlərinin əsas mərkəzlərindən biri olan Suriyada rejimin çökməsi və İran güclərinin Suriyanı tərk etmək məcburiyyətində qalması ilə molla rejiminin, necə deyərlər, güvəndiyi bütün dağlar yıxıldı. Bu, eyni zamanda artıq sıranın “cibanın başı” olan İrana gəldiyinin açıq bir işarəsidir. İran hakimiyyəti artıq xarici siyasət doktorinasının tamamilə çökdüyünü, sıranın İranın molla rejiminə gəldiyini görür və əcəl tərləri içərisində çıxış yolu axtarır”.
Çingiz Göytürk bildirib ki, belə olan halda molla rejimi bir tərəfdən daxildə ağır məğlubiyyətlərin səbəbini və hesabını soruşan kütlələrə yanlış hesabat verərək, guya Türkiyə və Azərbaycan tərəfindən xəyanətə uğradıqlarına dair iddialar səsləndirir, bununla da yeni düşmən obrazlarını hədəf olaraq göstərmək istəyir: “Digər tərəfdən isə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə yaranan yeni geosiyasi durumdan özünə bir var olma səbəbi çıxartmaq niyyətindədir. Belə ki, molla rejimi Orta Doğuda Türkiyə və türk dünyasının sürətli yüksəlişindən narahat olan, özlərinə bağlı terror qruplaşmalarının sona gəldiyini görən bəlli Batılı mərkəzlərə mesaj verir və deyir ki, bölgədə türkün yüksəlişinin qarşısını sünni-şiə qarşıdurması yaratmaqla almaq mümkündür. Fars-molla rejimi məhz bu doğrultuda göstərə biləcəyi “xidmətləri” həmin mərkəzlərin diqqətinə təqdim edir və bununla da öz ömrünü uzatmaq niyyətindədir. Fars-molla rejiminin, durduq yerə, Çaldıran savaşını xatırlaması isə, belə bir ehtimali qarşıdurmanın tarixi kökləri olduğunu vurğulamaq məqsədi daşıyır”.
Çingiz Göytürk əlavə edib ki, son dövrlər İran xarici işlər naziri Abbas Əraqçınin həmin mərkəzlərin nümayəndələri ilə apardığı açıq və gizli görüşlərin əsas mövzusu məhz bundan ibarətdir: “O, həmin görüşlərdə belə bir ehtimali qarşıdurmanın tarixi köklərinin olduğunu ima etmək istəyir. Digər tərəfdən isə fars-molla rejimi Güney Azərbaycan əhalisinin məzhəbi duyğularını qabardaraq milli duyğularının önünə çıxarmaq istəyir. Ancaq fars-mollar rejimi, bu rejimin başında duranlar unudurlar ki, Azərbaycanın güneyi fars rejiminin bu məzhəb oyunlarının mahiyyətini artıq uzun zamandır dərk edir və hər fürsətdə İran fars fitnəsinə qarşı Azərbaycanın, bütövlükdə türklüyün yanında olduğunu ifadə etməkdədir. Fars rejimi bu təhlükəli oyununu davam etdirəcəyi təqdirdə isə bu oyunu elə birinci mərhələdə Güney Azərbaycan onun başına yıxacaqdır. Bundan kimsənin şübhəsi olmasın”.
İlk şərhi yaza bilərsiniz