BAYRAQDAR MEDİA – Yeni il ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “respublika üzrə təcili tibbi yardım xidmətinə tətil günlərində (30.01.2024 – 05.01.2025-ci il tarixlərində) ümumilikdə, 39 min 881 çağırış daxil olub. Onlardan 18 min 597-si paytaxt Bakı üzrə, 21 min 284-ü isə bölgələrdə qeydə alınıb. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 min 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 min 321 nəfər Bakı üzrə, 1 min 835 nəfər isə bölgələr üzrə olub”.
Sonra xəbərdə, “Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2025-ci il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 min 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur” deyə bildirilir.
Qeyd edək ki, çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji, respirator xəstəliklər və s. ilə bağlı olub.
İlk şərhi yaza bilərsiniz