Press "Enter" to skip to content

Bakı-Balakən-Bakı qatarı ilə bağlı müşahidələr

Osman Gündüz

BAYRAQDAR MEDİA – Bakı-Balakən-Bakı qatarı ilə səyahətimin yekunu haqqında qısa təəssüratlarım:

1. 5 il dayandırılan, infrastrukturu yararsız olan bir dəmir yol marşrutunun yenidən bərpası və uzaq regionlara alternativ sərnişindaşımanın təşkili regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, gələcəkdə Bakı-Balakən-Tbilisi dəmir yol xəttinin çəkilişi üçün də zəmin yaradır.

2. ADY qatara minməyə qədər olan məsafəni tam rəqəmsallaşdırıb. Biletlərin axtarışı və alışını onlayn olaraq sayt və mobil tətbiq üzərindən reallaşdırmaq olar, biletin yoxlanışı da tam rəqəmsallaşıb. Kağız sənəd göstərməyə ehtiyac yoxdur, elə myGov-dakı şəxsi məlumatlar yetərlidir.

3. Qatar, vaqon və kupelər tam modernləşdirilib. Sanitar qovşaqları da gigiyenik qaydalara cavab verir. Səhər yuyunmaq üçün zəruri olan paket (diş yumaq üçün, üz qırxmaq üçün və s) təmin edilib. Hətta daraq da verirlər, düzü bilmədim mənim paketimə nə üçün qoyublar.

4. Bələdçi və servis xidməti bir-birindən ayrılıb. ADY servis üçün başqa bir şirkətlə müqavilə imzalayaraq qidalanma xidməti təqdim edir. Vaqonda servislə əlaqə də rəqəmsallaşıb. Bot yaradıblar və Bot üzərindən mesajlara anında reaksiyalar verilir. Menyuları burada yerləşdiriblər.

5. İstifadə etdiyim “Biznes” və “Standart+”da təqdim edilən qidaların və içkilərin keyfiyyətini yüksək hesab etmək olar. Xidmət səviyyəsini ölçmək üçün də imkanlar yaradılıb. Biznes klasda təqdim edilən qida paketinin dəyəri təxmini olaraq hesabladım ki 20 manat ətrafında ola bilərdi. Burada çay və su limitsizdir. “Standart+”da yalnız buterbrod və meyvə suyu, həmçinin çay təklif edilir. Burada növbəti çay sifarişi ödənişlidir – 1 manat.

6. Bir düyməni basmaqla bələdçilərlə əlaqə üçün imkanlar yaradılıb. Qida servisi ilə isə Bot vasitəsilə əlaqə imkanı var.

7. Elektrik, internet, işıqlandırma və istilik də qaydasındadır. Wi-Fi ilə verilən internetin keyfiyyəti dəmir yolu boyunca mövcud olan mobil şəbəkədən asılıdır. Çünki internet vaqonlardakı xüsusi mobil modemlər vasitəsilə qəbul edilərək paylanır və əlbəttə ki burada müəyyən problemlər ola bilir.

8. Qatarların hərəkət qrafikini də çox düzgün seçiblər. Bakıya və rayonlara səhər çatıb, hansısa işləri görüb axşam geriyə dönmək üçün çox sərfəlidir. Qrafikə tam dəqiqliklə əməl olunur.

9. Avropa qatarlarının vaqonlarındakı monitorlardan olmasa da qatarın daxilində stansiya və dayanacaqlarla bağlı səsləndirmə də təşkil edilib, daha qapını açıb, pəncərədən boylanmağa, qonşudan soruşmağa ehtiyac qalmır.

Təkliflər və arzular

Əlbəttə, dərhal qeyd etmək istərdim ki, hər üç vaqon tipi üçün təklif olunan qiymətlər çox yüksəkdir.

“Biznes” sinif qiymətlər isə əvvəlki mövcud SV-dən 4 dəfə bahadır. Hətta 20 manatlıq yeməyi çıxsaq belə yüksəkdir.

Düşünürəm ki ADY yemək paketini sərnişinlərin seçiminə buraxmaqla da qiymət məsələsinə yenidən nəzər sala bilər.

Anlaşılandır ki, sərnişindaşıma rentabelli deyil və bu cür tariflər mövcud infrastrukturu və xidmət səviyyəsini qoruyub saxlamaq üçün tətbiq edilib.

İstənilən halda ümid edirəm, ADY bu məsələyə yenidən baxacaq. Xüsusən də tələbələr, pensiyaçılar və çoxuşaqlı ailələr üçün buna ciddi ehtiyac var.

Müntəzəm səyahət edənlər üçün xüsusi endirimli biletlər təklif edilə bilər. Stansiyalarla şəhər mərkəzləri arasında ictimai nəqliyyatın təmin edilməsi də vacibdir.

Bəzi xırda-para, tez aradan qaldırıla biləcək çatışmazlıqlar da müşahidə etmişdim ki, ümid edirəm onlar tezliklə aradan qaldırılacaq.

Bir daha ADY rəhbərliyinə, əməyi keçənlərə bu böyük və əhəmiyyətli mobillik layihəsi üçün təşəkkürlər.

Ümid edirəm, ADY tezliklə Bakı-Böyük Kəsik, Bakı-Ağdam, Bakı-Astara, Bakı-Yalama marşrutlarını da işə sala biləcək.

P.S. Amma qeyd edim ki, artıq sərnişinləri yola salanlardan heç kim “O qatarın dalınca baxma” deyə bilməyəcək, yaxud qatarın yanında selfi çəkə, əllərini yelləyə bilməyəcək. Çünki, bilmirəm nə dərəcədə doğrudur, yeni qaydalara görə yola salanların platformaya daxil olmasına, qatarın yaxınlığına getməsinə icazə verilmir…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.