Son yeniləmə: 29 Dekabr 2024 10:58
BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu çərçivədə, Xidmət Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə yanğına qarşı təbliğat və nəzarət tədbirlərini daha da gücləndirib. Xidmətin əməkdaşları Azərbaycanın paytaxtında, digər şəhər və rayonlarında yerləşən ictimai-iaşə obyektlərində, əyləncə və ticarət mərkəzlərində, insanların kütləvi toplaşdığı məkanlarda yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri keçirirlər”.
Daha sonra xəbərdə, “tədbirlərdə ehtiyat çıxış yollarının tutulmasının, zallara normadan artıq insan buraxılmasının, pirotexniki vasitələrdən istifadə olunmasının yolverilməzliyi, küknar ağacının yerə möhkəm bərkidilməsinin, işıqlandırmada saz və standartlara uyğun vasitələrdən istifadə olunmasının, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılır. Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılır, zəruri tövsiyələr verilir, suallar cavablandırılır, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunur, maarifləndirici çap məhsulları paylanılır” deyə bildirilir.
Qeyd edək ki, bu kimi tədbirlər bayram ərəfəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən kütləvi olaraq keçirilir.
İlk şərhi yaza bilərsiniz