Son yeniləmə: 29 Dekabr 2024 16:40
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.
Dövlət Vergi Xidmətinin məlumatına görə, “Vergi Məcəlləsinə biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində edilmiş mühüm dəyişikliklərdən biri qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb olunmasını nəzərdə tutur”.
Məlumatda həmçinin deyilir: “Gəmiqayırma və gəmi təmiri sənayesi Azərbaycan Respublikası üçün strateji əhəmiyyət daşımaqla ölkənin bu sahədə idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixrac potensialının gücləndirilməsi, eləcə də donanmamızın müasirləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu güzəştin tətbiqi ilə gəmi təmiri layihələri üzrə rəqabətədavamlı qiymətlərin formalaşacağı, sifarişçilərlə sıx əməkdaşlıq qurulacağı, yeni iş yerlərinin açılacağı, ölkənin regionda rəqabətli gəmi təmiri mərkəzinə çevriləcəyi gözlənilir”.
İlk şərhi yaza bilərsiniz