BAYRAQDAR MEDİA – Bakı Hərbi Kollecində Prezident Administrasiyası, Ombudsman Aparatı, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Hərbi Prokurorluq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər və Rayon İcra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “seminar Ümummilli lider Heydər Əliyevin, Vətən uğrunda şəhid olanların və 25 dekabr 2024-cü il tarixində baş vermiş aviaqəza nəticəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Prezident Administrasiyası Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev düzgün kommunikasiya siyasətinin vahid səs prinsipi əsasında qurulmasının vacibliyini vurğulayıb. Qurumların kommunikasiya strategiyalarının daha da təkmilləşdirilməsi məqsədilə qarşılıqlı əlaqədə müvafiq tədbirlərin görülməsi, proaktiv və reaktiv fəaliyyətlərin düzgün və səmərəli planlanmasının zəruriliyini qeyd edib”.
Daha sonra xəbərdə, “Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov çıxışında nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb” deyə bildirilir.
Tədbirdə, həmçinin kommunikasiya sahəsində görülən işlər, qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilib. Bu seminarın kommunikasiya sahəsində əməkdaşlığın və koordinasiyanın daha da gücləndirilməsi üçün mühüm platforma olduğu qeyd olunub.
Qoşun (qüvvə) növləri, birliklər, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş üzrə məsul şəxslərinin də iştirak etdiyi seminarın sonunda ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb və mövzu ilə bağlı təkliflər dinlənilib.
İlk şərhi yaza bilərsiniz