Son yeniləmə: 28 Dekabr 2024 17:39
BAYRAQDAR MEDİA -“Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “məktəbdə olmaqdan, şagirdlərin qarşısında çıxış etməkdən məmnun olduğunu bildirən qonaq məktəb illərindən, müəllimlərinin həyatında buraxdığı izlərdən, məktəbdə əldə etdiyi biliklərin həyatındakı önəmindən, peşə sahəsində uğur qazanmağın yollarından danışıb. Uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı praktik bacarıqlara yiyələnməyin zəruriliyini vurğulayan R.Məmmədov həyat adlı müəllimdən də öyrənməyin üstünlüklərindən bəhs edib”.
Məlumata görə, müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan danışan R.Məmmədov Azərbaycanın tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində telekanalların üzərinə düşən vəzifələrdən söz açıb: “Qonaq, həmçinin ana dilimizin norma və tələblərinə əməl olunması, nitq mədəniyyətinin formalaşdırılması, səlis danışıq qaydaları barədə şagirdlərə tövsiyələrini verib. Güclü xarakterin formalaşmasında mənəvi-psixoloji amillərin önəmindən danışan AzTV sədri “Həyat mübarizləri sevir”, deyərək gəncləri idealları uğrunda mübarizə aparmağa çağırıb. Hər zaman ekranlardan izlədikləri aparıcını canlı olaraq öz aralarında görməkdən sevinc duyan şagirdlər qonağa çoxsaylı suallar ünvanlayıb, onları düşündürən mövzularla bağlı fikir mübadiləsi aparıblar”.
İlk şərhi yaza bilərsiniz