BAYRAQDAR MEDİA – Dekabrın 25-də Qroznı səmasında Azərbaycan təyyarəsinin vurulması faktı artıq öz təsdiqini tapmaqdadır. İlkin araşdırmalar, əldə olan dəlillər onu göstərir ki, mülki təyyarəyə havadan müdafiə sistemi ilə atəş açılıb. Bu azmış kimi, təyyarə 400 km uzağa – qardaş Qazaxıstanın Aqtau şəhərinə yönləndirilib ki, bəlkə ora qədər çatmaya və dənizə düşə. Ki, bununla da təyyarənin vurulması ilə bağlı izlər itirilə.
Bu hadisə zamanı Azərbaycan Prezidentinin sərgilədiyi soyuqqanlı və çevik münasibət də ayrıca müzakirə mövzusudur. Məhz bunu nəzərə alaraq BAYRAQDAR MEDİA siyasi şərhçi Gülsel Səfərovadan həm hadisənin özü, həm də Prezidentin münasibəti ilə bağlı şərh alıb.
Gülsel Səfərovanın şərhini təqdim edirik:
Dekabrin 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında düşməsi regionumuzda insan tələfatı ilə nəticələnən faciəyə səbəb oldu.
Elə həmin gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü təşkil edilirdi. Məlumdur ki, Prezident İlham Əliyev o görüşdə iştirak etmək üçün ora yollanmışdı.
Prezident hava məkanında olduğu zaman paralel olaraq “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəmiz Aktauda düşdü. Təbii ki, az keçmədən hadisə ölkə rəhbərliyinə məruzə olunur və həmin an Prezident İlham Əliyev geri dönməyi tapşırır.
Prezident göyərtədə olduğu müddətdə təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra isə dövlət başçısı məsələ ilə bağlı müşavirə keçirtdi.
Müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, qəzanın səbəbləri bizə bəlli deyil: “Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır”.
Göründüyü kimi, İ.Əliyev həmin saatlarda yayılmış quş dəstəsi ilə toqquşma şayiəsi barədə fikir söyləməmişdi. Bu, bizə yeni bir faktı ortaya çıxarır. Deməli, Prezident həmin ana kimi ən müfəssəl məlumata malik idi və ona görə təxirəsalınmaz tədbirlər həyata keçirtdi.
Suallar var…
Əvvələ qayıdaq. Əslində Prezident Sankt-Peterburq şəhərinə demək olar ki çatmışdı. Tədbirin açılışında iştirak edib tədbiri yarıda qoyaraq Azərbaycana qayıda bilərdi. Lakin belə düşünmək olar ki, hadisənin ciddiliyi ilə bərabər təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu da variantlardan biri kimi Prezidentə məruzə olunmuşdu.
Həmin gün Rusiya TV-lərində Qroznının hava hücumlarına məruz qalması və müdafiə olunması barədə səhər saatlarında məlumatlar verilirdi. Yəni təyyarəmizin havada hansısa hərbi müdaxiləyə tuş gəldiyi istisna olunmayıb.
Az keçmədən Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqlədi…
Qeyd edək ki, təyyarədə tək azərbaycanlılar deyil, eyni zamanda Qazaxıstan və Rusiya vətəndaşları olub. Prezident İlham Əliyevin tədbirə baş çəkmədən geri dönməsi və təcili şəkildə verdiyi qərarlar eyni zamanda Rusiya hökumətinə bir mesaj oldu. O mesaj ki, İlham Əliyev hər bir halda xalqının yanındadır və bu hadisədə günahkar olanlar aşkara çıxarılacaq.
Qısası, başqa suallar meydana çıxır. Pilotsuz təyyarə hücumunun olduğunu bilən Çeçenistan rəhbərliyi sərnişin təyyarəsinin Qroznıya gəlməsinə niyə icazə verib?
Digər sual: Rusiya Qroznıda məlum vurulmadan sonra Mahaçqala və Minvoda niyə eniş edilməsinə icazə verilməyib?
Hava hücumundan müdafiə atəşinə və elektron döyüş sistemlərinin təsirinə məruz qalaraq yönünü itirmiş təyyarənin ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Aydındır ki, onlar vurulmuş təyyarənin Aktauya kimi gedə biləcəyini düşünməyiblər…
Prezident məhz buna görə cinayət işinin açılması və hadisənin araşdırılması tapşırığını verdi. 26 dekabrda bu barədə məlumatı Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən “Euronews” da yaydı. Mənzərə aydındır…
Bundan sonrakı qərar artıq cənab Prezidentdədir. Onlarla can alan “bu faciə başqa qüvvələrin təxribatıdırmı, yoxsa təyyarə səhvən vurulub” sualına cavab az mütləq aydınlaşacaq. Hər bir halda günahkarlar cəzalandırılmalıdır. Rusiya üzr istəməlidir və təzminat ödəməlidir.
İlk şərhi yaza bilərsiniz