Press "Enter" to skip to content

İlham Əliyev qardaş ölkənin Prezidentinə zəng edib

Qasım-Jomart Toqayev və İlham Əliyev

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayevə zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, “dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar”.

O da qeyd edilir ki, “İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib, yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb”.

Xəbərdə daha sonra deyilir ki, “dövlətimizin başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyi bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib”.

Qasım-Jomart Toqayev qəzanın araşdırılması ilə bağlı onun dərhal xüsusi komissiya yaradılması üçün tapşırıq verdiyini deyib. O, həm də “Embraer” şirkətinin nümayəndələrinin artıq Qazaxıstana gəldiyini və araşdırmada iştirak etdiyini deyib.

“Telefon söhbəti zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və əmin olduqlarını bildiriblər ki, aparılan istintaqın nəticəsində qəzanın başvermə səbəbləri tam şəkildə araşdırılacaq”, – deyə xəbərdə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.