Press "Enter" to skip to content

Azərbaycanın Çeçenistanın yardımına ehtiyacı yoxdur

Xəsarət alanlara və vəfat edənlərin ailəsinə kompensasiya ödənilməsi müəyyən edilib

BAYRAQDAR MEDİA – Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar.

Prezident Administrasiyasındakı mənbə bildirir ki, belə bir kömək qəbul edilməyəcək: “Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”.

Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi qardaş Qazaxıstanın Aqtau şəhərində qəzaya uğrayıb. Lakin sonradan bəlli olub ki, təyyarə Qroznıda raketlə vurulub, məqsədli şəkildə dəniz üzərinə yönləndirilib ki, suya düşsün və izlər itirilsin. Lakin pilotların dəyanəti və qəhrəmanlığı sayəsində təyyarə Aqtauya qədər uça bilib, yerə çırpılsa da sərnişinlər və ekipaj üzvlərindən 29 nəfər sağ qalıb. Bundan sonra əldə olunan dəlillər hadisənin adi qəza olmadığını göstərib. İlkin araşdırmalar nəticəsində bəlli olub ki, təyyarə Qroznı ərazisində raketlə vurulub.

Ən acınacaqlısı isə odur ki, Azərbaycana yardım təklif edən Ramzan Kadırov dekabrın 26-da – ölkəmizdə matəm olduğu bir gündə təyyarənin vurulmasında rolu olan şəxsi təltif edib…

Yeri gəlmişkən əlavə edək ki, Azərbaycan özü hadisədə həlak olanların ailələrinə 40 min, digər zərərçəkənlərə isə 20 min manat ödəyəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.