BAYRAQDAR MEDİA – Dekabrın 24-də “Nizami” Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “RS Production”un mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “mədəniyyət və incəsənət xadimlərinin, media mənsublarının iştirak etdiyi nümayişdən öncə səhnəyə çıxan filmin yaradıcı heyəti ekran əsəri, onun yaranma ideyası, mövzu və əsas mesajları barədə məlumat veriblər. Filmin ssenari müəlliflərindən Sevda Sultanova nümunədə nəinki aktrisaların, ümumilikdə qadınların düşüncələrinə, müəyyən yaşdan sonrakı mənəvi mübarizəsinə yer verdiklərini bildirib. Filmin ssenari və quruluş müəllifi Saida Haqverdiyeva “Qırxdan sonra”da cəmiyyətdəki qadınların, xüsusən yaradıcı, özünü ifadəyə çalışan qadınların ümumiləşmiş obrazını yaratmağa çalışdıqlarını deyib”.
Daha sonra xəbərdə, “S.Haqverdiyeva filmin ərsəyə gəlməsində dəstək verən qurum və şəxslərə təşəkkürünü bildirib, bu silsilədən daha iki film çəkəcəyini, hazırda ikinci ekran işi üzərində işə başladıqlarını da əlavə edib. Filmin qəhrəmanları – aktrisalar Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva belə bir fərqli və maraqlı, bir növ ürək sözlərini ekrana daşıyan layihəyə görə yaradıcı heyətə təşəkkür ediblər”.
Xəbərdə həmçinin deyilir ki, “sonra qısametrajlı bədii film kinosevərlərə təqdim olunub. Görüntü rejissoru Şahmar Səfəroğlu olan “RS Production”un istehsalı filmin (prodüser Kəmalə Nəhmətova) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur. Filmin əsas məqsədi sənətin görünməyən tərəflərini qadın qəhrəmanın müxtəlif ruh hallarında təsvirə can atmaqdır”.
Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş olunub.
İlk şərhi yaza bilərsiniz