Son yeniləmə: 26 Dekabr 2024 09:07
Hikmət Babaoğlu: Azərbaycanın D-8-ə qəbul olunması mühüm bir hadisədir
BAYRAQDAR MEDİA – “Hazırki yeni dünya kontekstində regional təşkilatların rolu daha da artır. Əgər önümüzdəki tarixi mərhələdə çoxqütblü bir dünya yaranacaqsa, Azərbaycan-Türkiyə tandemi mütləq burada olacaqdır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın D-8-ə qəbul olunması mühüm bir hadisədir: “Bu, D-8-i gücləndirəcək, onun fəaliyyətinə stimul verəcək bir hadisəyə çevrildi. Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, təşkilatın əhatə etdiyi coğrafiya genişləndi. Əgər D-8 əvvəllər Güney-Doğu Asiyadan Orta Doğuya qədər bir ərazini əhatə edirdisə, bu gün artıq Qafqazlara qədər gəlib çıxdı”.
Millət vəkilinin sözlərinə görə, bu məntiq isə həm də ona işarə edir ki, bundan sonra D-8-in üzvləri arta bilər: “Digər tərəfdən coğrafi miqyas böyüməklə təşkilat yenidən güclənə bilər. Çünki Azərbaycan hələ 2009-cu ildə Naxçıvanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının əsasını qoyarkən məhz müsəlman dünyası içərisində türk müsəlman faktorunun güclənməsi məsələsini həm də önə çəkmiş olmuşdu. 2021-ci ildə İstanbulda keçirilən sammit ilə Əməkdaşlıq Şurası artıq Türk Dövlətləri Təşkilatına çevrilib. Azərbaycan isə dediyimiz kimi klassik islam coğrafiyası yəni Güney-Doğu Asiya ilə Orta Doğu, o cümlədən Orta Asiya arasında bir körpüdür”.
H.Babaoğlu, həmçinin “xüusi olaraq nəzərə almaq lazımdır ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində xüsusi çəkiyə malik ölkələrdən biridir. Ona görə də D-8-in daha da böyüməsi həm coğrafi baxımdan, həm də dövlətlərin sayı və iqtisadi gücü baxımından böyük bir türk-islam təşkilatlanmasına səbəb ola bilər. Bu mənada düşünürəm ki, Azərbaycanın D-8-ə üzv qəbul olunması həm də tarixi hadisə kimi qiymətləndirilməlidir” deyib.
İlk şərhi yaza bilərsiniz