Press "Enter" to skip to content

Ramiz Qusarçaylının ad günüdür – VİDEO

Ramiz QUSARÇAYLI

BAYRAQDAR MEDİA – Dekabrın 25-də çağdaş Azərbaycan poeziyasının ən parlaq siması, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Quba bölməsinin rəhbəri, bir çox milli və beynəlxalq mükafatlar laureatı Ramiz Qusarçaylının 66 yaşı tamam olur. Biz də öz növbəmizdə dəyərli şairi təbrik edir, ona cansağlığı, uzun ömür və yaradıcılıq uğurları, ailə səadəti arzulayırıq.

Belə bir gündə BAYRAQDAR MEDİA olaraq şairin ən məşhur şeirlərindən biri – dillər əzbəri olan “Azərbaycan bayrağı”nı təqdim edirik.

Azərbaycan bayrağı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı, –
Azərbaycan bayrağı!

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı, –
Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı, –
Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr, – deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı, –
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.