Press "Enter" to skip to content

Daha 150 mənzil təqdim edilib

Tədbir zamanı

Son yeniləmə: 25 Dekabr 2024 09:38

BAYRAQDAR MEDİA – Dekabrın 24-də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil təqdim edilib. Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 33 avtomobil verilib. Mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir. 4 saylı DOST Mərkəzində həmin mənzillərin və avtomobillərin sənədlərinin təqdim edilməsi tədbiri olub”.

Məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirlik yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov iştirak ediblər: “A.Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə aparılan işlərin bir istiqaməti də onların mənzil və fərdi evlərlə təminatıdır. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılan proqram ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə bu proqram 5 dəfə genişlənib”.

Qeyd edilib ki, bu gün daha 150 mənzil verilməklə cari ilin ötən dövründə artıq 650 mənzil təqdim edilib və bu həftə daha 150 mənzil veriləcək: “Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatmış oldu. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7 min avtomobil verilib. E.Məmmədov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması, o cümlədən onların mənzillə təminatı sahəsində aparılan işlərin ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb. Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzil və avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.