BAYRAQDAR MEDİA – AzTV xeyli müddətdir xəbərini verdiyi, tamaşaçıların da maraqla gözlədiyi “Azərbaycan Atabəyləri” filminin nümayişinə başlayıb.
Dekabrın 23-də filmin ilk bölümü efirə verilib. İlkin olaraq ictimai rəyin müsbət olduğunu söyləmək olar. Sosial mediada gedən müzakirələr hələ ki, filmlə bağlı ciddi tənqidlərlə müşayiət olunmur. Bizim müşahidələrimiz göstərir ki, film tamaşaçıların ürəyincə olub.
AzTV-də belə bir tarixi filmin yayıma başlamasına münasibət bildirən siyasi şərhçi Azər Həsrət də o fikirdədir ki, yeni əsər təqdir olunmalıdır: “Düzdür, ilk andan şəxsən mənə elə gəldi ki, filmdə bir az emosiya çatışmır. Amma az sonra artıq həvəslə baxmağa başladım. Ümumiyyətlə düşünürəm ki, tarixi filmlərimiz daha çox çəkilməlidir. Azərbaycan tarixi çox zəngindir. Həm də bizim qürur duyacaq tariximiz var. Bu tarix qəhrəmanlıqlarla zəngindir. Niyə belə bir tariximizi filmlər vasitəsi ilə yetişməkdə olan nəslə çatdırmayaq? O baxımdan hesab edirəm ki, AzTV çox gərəkli bir təşəbbüsə başlayıb, bunu da mümkün qədər genişləndirməli və davamlı prosesə çevirməlidir”.
Azər Həsrət onu da deyib ki, belə filmlərin çəkilməsi böyük vəsait tələb edir: “Əgər geniş əhatəli və parlaq filmlər istəyiriksə, onda çoxlu pul xərcləməliyik. Belə filmlər böyük vəsaitlər hesabına başa gəlir. Ona görə də düşünürəm ki, Azərbaycanın iş adamları, böyük şirkətləri belə filmlərə sponsorluq üçün yarışa girməlidir. Məncə ucuz və əttökən seriallara deyil, belə sanballı filmlərə pul xərcləyən iş adamları uduzmayacaqlar. Çünki bu filmlərin təsiri o ucuz seriallarınkı kimi ötəri deyil, qalıcıdır”.
İlk şərhi yaza bilərsiniz