Press "Enter" to skip to content

Qahirədə qəbul edilən qərar mühüm əhəmiyyət kəsb edir

Dr. Yücel Karauz

Son yeniləmə: 24 Dekabr 2024 16:12

Dr. Yücel Karauz: Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir

BAYRAQDAR MEDİA – “Öncəliklə onu deyim ki, dekabrın 19-da Misirin paytaxtı Qahirədə qəbul edilən qərar təkcə Azərbaycan üçün deyil, həm də D-8 və Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi üçün də xüsusi önəm kəsb edir. Bunun da əsaslı səbəbləri var”.

Bunu İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

O üzvün də məhz Azərbaycan olması mühüm tarixi hadisədir

Onun sözlərinə görə, əvvəla Azərbaycanın D-8-ə üzv qəbul edilməsi Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir: “Bəlli olduğu kimi D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. D-8 dünya miqyasında müsəlman kəsimin 60 faizini özündə cəmləşdirən bir qurumdur. Belə bir təşkilatın yarandıqdan sonra ilk dəfə öz sırasına yeni üzv qəbul etməsi, o üzvün də məhz Azərbaycan olması mühüm tarixi hadisədir”.

Digər bir məqam Azərbaycanın Güney Qafqazdakı lider mövqeyi ilə bağlıdır

Türkiyəli general deyib ki, belə bir tarixi qərarın qəbulunu labüd edən, digər bir məqam Azərbaycanın beynəlxalq arena, o cümlədən türk dünyasındakı nüfuzu və Güney Qafqazdakı lider mövqeyi ilə bağlıdır: “Mən yuxarıda qeyd etdim ki, Qahirədə qəbul edilən qərar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Hesab edirəm ki, bu qərarı labüd edən ikinci səbəb də birinci səbəbin davamıdır”.

Bildirilib ki, bu, Azərbaycanın qlobal məkandakı nüfuzundan və dünya çapında Azərbaycanı göstərilən etimaddan irəli gəlir: “Bəlli olduğu kimi Güney Qafqaz regionunda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da bununla bağlı uğurlu siyasət həyata keçirir və bu siyasət qlobal arenada təqdir edilir. Bu baxımdan hesab edirəm ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan Azərbaycan D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq”.

Azərbaycan həm də Doğu ilə Batı arasında etibarlı körpü rolu oynayır

Dr.Yücel Karauz vurğulayıb ki, Azərbaycan həm də Doğu ilə Batı arasında etibarlı körpü rolu oynayır: “Düşünürəm ki, tarix boyu Doğu ilə Batı arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. Çünki D-8-ə üzvləri elə İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir. Bu gün Batı ilə də xoş münasibətlərə malik Azərbaycan isə D-8 üzvü kimi təşkilatın beynəlxalq arenadakı mövqeyinin güclənməsində mühüm rol oynaya bilər”.

Azərbaycanın üzvlüyü gələcəkdə D-8-lə TDT arasında əlaqələrin inkişafına təkan verəcək

Müsahibimiz deyib ki, Azərbaycanın D-8-ə üzvlüyü başqa bir məqama görə də önəmlidir: “Bəlli olduğu kimi Azərbaycan Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatının üzvüdür və TDT-nin inkişafında mühüm rol oynayır. Hesab edirəm ki, bu iki qardaş ölkənin D-8-də təmsilçiliyi gələcəkdə D-8-lə TDT arasında da əlaqələrin inkişafına təkan verəcək. Başqa bir tərəfdən bu, TDT-nin digər müsəlman ölkələrinin də gələcəkdə D-8-ə üzv olmasına təkan verə bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.