Press "Enter" to skip to content

Payız sessiyasının növbəti iclası keçirilib

İclas zamanı

Son yeniləmə: 24 Dekabr 2024 10:27

BAYRAQDAR MEDİA – Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələnin “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi olduğunu bildirib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini qeyd edib ki, qanun layihəsi 13 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında müzakirə olunub, onun üzərində iş davam etdirilməklə birinci oxunuşda qəbul edilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti verilmiş təkliflərə, o cümlədən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən irəli gələn muxtar respublika büdcəsindəki zəruri dəyişikliklərə Ali Məclisin müvafiq komitəsi ilə birlikdə baxaraq 20 dekabr 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin yenilənmiş variantını Ali Məclisə təqdim edib. Layihə Ali Məclisin İqtisadi siyasət komitəsində müzakirə edilib və ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb”.

Qeyd edilib ki, Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov qanun layihəsi barədə məlumat veriblər: “Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb. İclasda “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib, müzakirələr zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilməsi üçün layihə aparıcı komitəyə qaytarılıb. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.