BAYRAQDAR MEDİA – ABŞ səfirliyi getdikcə diplomatik missiya xəttindən çıxıb, misal üçün, Azərbaycandakı bəzi radikal müxalif qruplaşmaların trolu kimi davranmağa başlayıb. Son vaxtlar Azərbaycanın əldə etdiyi uğurlar, özəlliklə də qonşu Gürcüstanda burnunun ovulması bu superdövlətin sinirlərini ciddi şəkildə gərmişə bənzəyir. Elə olmasaydı durub ortadan da aşağı səviyyəli sosial media blogeri kimi atmacalı-tutmacalı paylaşımlar etməzdilər…
Mətləbə keçmək üçün öncə Bakıdakı ABŞ səfirliyinin dekabrın 23-də etdiyi paylaşımı olduğu kimi təqdim edirik: “Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın “ən məşhur”ları @aztvresmi-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcəkdir”.
Bizim, əlbəttə ki, həmişəki kimi bir cavabı olmuşdur. Səfirliyin paylaşımına ilk cavabım belə oldu: “Sizin o “300 siyasi məhbus”unuzu yaxşı tanıyırıq. Ruben Vardanyan, Arayik Arutyunyan kimilərdən özünüzə “siyasi məhbus” düzəltmisiniz. Alınmayacaq! Ümumiyyətlə isə burnunuzu hər yerə soxmayın”.
Sizin o "300 siyasi məhbus"unuzu yaxşı tanıyırıq. Ruben Vardanyan, Arayik Arutyunyan kimilərdən özünüzə "siyasi məhbus" düzəltmisiniz. Alınmayacaq! Ümumiyyətlə isə burnunuzu hər yerə soxmayın. https://t.co/0ed9VObJI7
— Azer Hasret #SouthAzerbaijanIsNotIran (@azerhasret) December 23, 2024
Bəli, bunlar hər yerə burun soxmağa öyrəşiblər. Azərbaycanın bir TV kanalını bu cür küçə səviyyəsində hədəfə alaraq diplomatik missiya olduqlarını belə unudublar. Biz də onlara təbii ki, gərəkli reaksiya verməliydik, verdik də.
ABŞ səfirliyinin trol ordusu…
Amma məsələ bununla bitmədi. Bir baxdıq ki, bunların trol ordusu ortalığa atılıb bizi təhqir etməyə başladı. Bir az araşdırdıq və hətta qəttəzə X hesabı yaradıb oradan şəxsimə dil uzadanları da aşkarladım. Təbii ki, əngəllədim, mayanı batırdılar…
Həm də əlavə bir cavabımız oldu səfirliyin paylaşımına. Çünki onlar AzTV-yə irad tutursa, biz niyə onlara irad tutmayaq ki? Üstəlik bizim daha ciddi səbəblərimiz varkən.
Paylaşıma növbəti cavabımız belə oldu: “Belə anlaşılır ki, #Azərbaycan’canca düzgün yaza bilmirsiniz. Ona görə də erməni budaq cümlələri qurursunuz. Sizə Azərbaycan dili təlimləri keçə bilərik. Həm də narahat olmayın, əsl “siyasi məhbus”, Prezident Baydenin oğlu Bob ki, milad öncəsi evində olacaq”.
Belə anlaşılır ki, #Azərbaycan'canca düzgün yaza bilmirsiniz. Ona görə də erməni budaq cümlələri qurursunuz. Sizə Azərbaycan dili təlimləri keçə bilərik. Həm də narahat olmayın, əsl “siyasi məhbus”, Prezident Baydenin oğlu Bob ki, milad öncəsi evində olacaq.
— Azer Hasret #SouthAzerbaijanIsNotIran (@azerhasret) December 23, 2024
Bildiniz də söhbət nədən gedir? ABŞ-nin fəaliyyətdə olan Prezidenti Cozef Baydenin öz oğlu Robert Hanter Baydeni əfv etməsindən! Bəli, bunların prezidenti qulluq mövqeyindən ailə maraqları üçün istifadə edə bilər, AzTV bunu tənqid edəndə də ABŞ səfirliyi mütləq dözümsüzlük göstərməlidir!
Bəs hanı sizin media azadlığına hörmətiniz? Axı ABŞ və onun missiyaları dünyanın hər tərəfində media azadlığı üçün çarpışırmış. Necə oldu ki, Azərbaycanın bir TV kanalı ildə-ayda bir dəfə sizi tənqid edəndə ona qarşı özünüz və trol ordunuz səfərbər olundunuz? Niyə bizə aşılamaq istədiyiniz tənqidə dözümlülüyü özünüz də göstərmədiniz?
Səfirlik eyni paylaşımı ingilis dilində də etmişdi, ona da uyğun cavab verdik əlbəttə…
Seems you prefer “schoolyard” wording rather than diplo lang. Have you forgotten you’re a diplo-mission, not a street person? You need to be tolerant to the media; it is free to express itself in a manner which it prefers to. BTW Biden’s son Bob will be at home for Christmas.
— Azer Hasret #SouthAzerbaijanIsNotIran (@azerhasret) December 23, 2024
Yeri gəlmişkən, ABŞ səfirliyi ilk dəfə deyil ki, diplomatik rolunu unudub onların təbirincə desək, “məktəb həyətindəki dalaşqanlara xas” davranış sərgiləyir. Əvvəllər də belə davranışları olub. Amma ara-sıra. İndi isə bunlar bunu adətə çeviriblər…
ABŞ səfirliyinin “300 Spartalı”sı…
Hə, burada gəlib çıxdıq əsl mətləbin üzərinə. Bunların dediyi “300 siyasi məhbus” (lap “300 Spartalı” kimi çıxdı – A.H.) kimdir, bilirisiniz? Biz bunu dəfələrlə dilə gətirmişik. Onların böyük əksəriyyəti – siyahıdakıların 233 nəfəri Azərbaycanda dünyəvi dövləti devirib yerində İrandakı kimi məzhəb dövləti qurmaq istəyənlərdir! Onların bir qrupu 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin ovaxtkı başçısı Elmar Vəliyevə sui-qəsd edənlər, həmçinin bir həftə sonra – iyulun 10-da Gəncədə heç bir ciddi səbəb olmadan iki yüksək rütbəli polis zabitini öldürənlərdir. Ümumi sayları 12 nəfərdir, 5 nəfəri ümumiyyətlə Gəncə sakini olmayıb, oraya məhz bu təxribat üçün gediblər. Yeri gəlmişkən, polisləri öldürənlərdən biri daha öncə öz doğma anasını öldürdüyü üçün həbsdə yatıb çıxan Rəşad Böyükkişiyev olub… Və ABŞ səfirliyi bunları “siyasi məhbus” hesab edir…
Həmin 233 nəfərin içində Azərbaycanda açıq şəkildə İran mollalarının təbliğatını aparıb əhalini dövlətə qarşı ayaqlandırmaq istəyənlər də var. Özü də çox sayda. Yenə də ABŞ səfirliyi bunları “siyasi məhbus” elan edib müdafiəsində durur. Belə yerdə sual verməyə məcburuq: ABŞ və İranın molla rejimini bir-birinə sıx bağlayan nədir? Bəs axı ABŞ İrana düşmən münasibətdə olmalıdır? Nədəsə yanılırıq?
Başqa bir qrup – jurnalistlər və blogerlər isə birbaşa həm də ABŞ-dən qanunsuz yolla maliyyə aldıqları üçün sənədli-sübutlu yaxalanıblar. Hələ araşdırma gedir, məhkəmə qərarı yoxdur, amma ABŞ səfirliyi onları artıq “siyasi məhbus” elan edib. Bu nə tələskənlik? Qorxursunuz ki, ayıblarınız açılacaq? Qorxursunuz ki, qanunsuz maliyyələşdirib Azərbaycan dövlətinə qarşı qoyduğunuz şəxslər sizi ələ verəcək? Axı siz haqlı və dürüst olduğunuzu iddia edirsiniz, niyə qorxursunuz ki?
Hələ bir qrup da var ki, onlar jurnalist adından sui-istifadə etdikləri üçün iş üstündə yaxalanıblar, haqlı olaraq həbsə atılıblar. ABŞ səfirliyi onları da siyasi məhbus sayır…
ABŞ Sovet-rus stilində propaqandaya möhtac qalıb…
İndi yenidən səfirliyin AzTV-yə dözümsüzlüyünə qayıdaq. ABŞ dövlətinin rəsmən maliyyələşdirdiyi iki böyük media – “Azadlıq” və “Amerikanın səsi” radioları gecə-gündüz, bayram-bazar demədən Azərbaycanı yıxıb-sürüyür. Biz onlara nəsə deyəndə, elə bu səfirlik dərhal ortaya atılıb mediaya dözümlü yanaşmalı olduğumuzu xatırladır. Hərçənd bu iki radionun fəaliyyəti media deyil, Sovet-rus stilində propaqandadır, amma yenə də dözümlü yanaşırıq. Yəni o boyda ABŞ gəlib artıq çoxdan tarix olmuş SSRİ-nin, yaxud da can üstündəki Rusiyanın metodlarından istifadə edir. Heç yaraşdırmadım. Halbuki biz ABŞ deyəndə ağlımıza ideal və ədalətli bir demokratiya gələrdi bir zamanlar. Alt-üst etmisiniz təsəvvürlərimizi, Amerika diplomatları. Biz istəmədik, amma siz etdiniz, bacardınız bunu…
Bir məqama xüsusi diqqət yetirmək istərdik. ABŞ rəsmiləri Azərbaycanda istintaq altında olan Arayik Arutyunyan, Ruben Vardanyanla birlikdə 23 nəfəri də “siyasi məhbus” hesab edir. Ki, bu adamların törətdiyi cinayət əməllərinin sübuta belə ehtiyacı yoxdur. Azərbaycanda bölücülük və terrorçuluqla məşğul olduqlarını təkcə biz deyil, bütün dünya bilir. Yəni bunlar açıq-aşkar terrorçu, minlərlə insanın ölümündə səbəbkardırlar, yüzlərlə kənd və şəhərimizi dağıdıblar. İndi ABŞ Administrasiyası iddia edir ki, bu adamlar da “siyasi məhbus”dur…
Heç o da dərd deyil. Dərd olan, bilirsiniz nədir? Dərd odur ki, biz belə adamlarla bağlı gerçəkləri dilə gətirəndə Azərbaycanlı olub ona-buna köpəklik etməyi adət halına salmış bəzi adamları sürürlər qarşımıza. Bu adamlar da durub qırmızı-qırmızı deyirlər ki, guya ədalət tərəfdarıdırlar! Qınamıram. Qan pozuq olanda adamlar belə davranarlar. Öz millətinə, öz dövlətinə qarşı çıxmağın başqa səbəbi ola bilməz.
Sonda: Bu ünsürlər bir qayda olaraq məni hədəfə alır, “dövlətə satılmaq”da ittiham edirlər. Ay bədbəxtlər, bir vətəndaş öz dövlətinə necə satıla bilər? Mən də sizin kimi ABŞ və başqa dövlətlərə işləsəydim, hə, onda satılmış ola bilərdim. Amma öz dövlətimə işləyirəmsə, necə satılmış ola bilərəm? Yesinlər sizin çürük və xəstə məntiqinizi…
İlk şərhi yaza bilərsiniz