Son yeniləmə: 24 Dekabr 2024 08:39
“Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib
BAYRAQDAR MEDİA – Dekabrın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən Birliyin qızıl üzvü AzərTürkBankın dəstəyi ilə “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ATİB-dən məlumat verilib.
Məlumata görə, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri, Türkiyənin ölkəmizdəki səfirliyinin müşavirləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və iş adamları iştirak ediblər.
Bu cür tədbirlərin vaxtaşırı təşkil edilməsinin önəmi vurğulanıb
Məlumatda bildirilib ki, “konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer mövzunun sahibkarlar üçün əhəmiyyətindən danışıb.
Natiqlər ölkə başçısının növbəti onillik üçün qarşıya qoyduğu “Rəqabətli insan kapitalı” Milli Prioritetinə çatmaq üçün bu növ tədbirlərin vaxtaşırı təşkil edilməsinin önəmini vurğulayıblar.
Yeni dövlət standartının əhəmiyyətindən bəhs edilib
Sonra KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib.
Qeyd edilib ki, Orxan Məmmədov çıxışında KOBİA-nın təşəbbüsü ilə hazırlanmış və yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunmuş “AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı barədə məlumat verib: “O, bizneslərin ESG prinsiplərinə riayət etməsinin biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verəcəyini qeyd edib”.
İşçilərin əmək hüquqlarının müdafiəsi diqqət mərkəzindədir
Konfransda çıxış edən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Azərbaycanda işçilərin əmək hüquqlarının müdafiəsi, iş yerlərinin təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik və görülmüş işlər barədə danışıb.
Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov isə çıxışında Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınmasından bəhs edib.
Məlumata əsasən, konfransda həmçinin ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini Elçin Süleymanov da çıxış edib: “O, çıxışında əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtib edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə danışıb”.
“DOST Müfəttiş” layihəsi barədə təqdimat edilib
Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” layihəsi barədə təqdimat edilib.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
İlk şərhi yaza bilərsiniz