Son yeniləmə: 24 Dekabr 2024 10:21
Əkbər Qoşalı: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın qlobal arenadakı mövqeyini möhkəmləndirib
BAYRAQDAR MEDİA – “Azərbaycan, qədim və zəngin mədəni irsi ilə çağdaş texnologiyaların üzvi birliyini kamil şəkildə təmin edərək, xəlqi, irsi, tarixi gözəllikləri üstün gələcəyə daşıyan unikal ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın qlobal arenadakı mövqeyini möhkəmləndirib. Bunu biz həm mədəniyyətlər, sivilizasiyalararası dialoq, həm də kosmos texnologiyaları sahəsində əldə edilən uğurlarda müşahidə edirik”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.
O, bildirib ki, “İlham Əliyevin prezidentliyi dönəmində qazanılan uğurlar, ölkənin həm bölgəsəl, həm də beynəlxalq səviyyədəki mövqeyinin səciyyəsini göstərir – gücümüzə güc qataraq, yeni inkişaf tendensiyaları yaradır. Yəni, bu gedişat təsadüf əsəri olmadığı kimi, tendensiya modunda da qalmayaraq, münasib qanunauyğunluqla davam edir”.
Ə.Qoşalı deyib ki, Azərbaycan Respublikası İlham Əliyevin prezidentliyi dönəmində, fərqli mədəniyyət və sivilizasiyalar arasında körpü rolu oynamağa davam etdi: “Mənəvi-mədəni körpü rolu, yalnız coğrafi amillərlə şərtlənib-şəkillənmir, xalqımızın bu coğrafiyanın imkan və imkansızlıqlarına qazandıra bildiyi yaradıcılıq hadisələri ilə təzahür və təcalla tapır. Bu xüsusiyyət, ölkəni yalnız öz bölgəsində deyil, həm də qlobal arenada önəmli bir mədəniyyət ocağına çevirir”.
Onun sözlərinə görə bunun üçün atılan addımları xatırlamaq lazımdır: “Ötən müddətdə keçirilən Bakı Humanitar forumları, Şuşa və Naxçıvanın İslam mədəniyyətinin paytaxtları kimi tanınması, UNESCO və ISESCO ilə işbirliyi, Azərbaycanın kosmos sənayesindəki uğurları, ölkəmizdə Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi, TEXNOFESin 2021-ci ildə ilk dəfə Türkiyə dışında – Azərbaycanda keçirilməsi və s. əldə edilən uğurların miqyasını təsəvvür etməyə imkan verir. Beləliklə, görünən odur ki, Azərbaycan, həm mədəni irsi, həm də kosmos texnologiyalarındakı çağdaş uğurları ilə bölgəsəl və qlobal liderlik yolunda inamla irəliləyir”.
Qeyd edilib ki, “Prezident İlham Əliyevin strateji baxışı, Azərbaycanın çağdaş dünyadakı rolunun bariz örnəyini təcalla etdirir. Bu uğurlar, Azərbaycanın yalnız bugünkü deyil, gələcək inkişafına da güclü təkan verir və ölkənin qlobal təsirini artırmağa davam edir. İlham Əliyevin irəligörüşlü, qabaqcıl liderliyi xalqımızın, ölkəmizin, coğrafiyamızın ruhunu və üslubunu qoruyaraq, keçmişlə gələcəyin, mədəni irslə yeni çağırışların dərin məzmunda birliyini təmin və təqdim etməkdədir”.
Əkbər Qoşalı əlavə edib ki, Azərbaycanın həm mədəniyyətlərarası dialoq, həm də kosmos texnologiyaları sahəsində əldə etdiyi uğurlar daha üstün gələcək vəd edir.
İlk şərhi yaza bilərsiniz