Press "Enter" to skip to content

Turan yolu… Təbriz keçir ürəyimdən…

Qalib Şəfahət

BAYRAQDAR MEDİA şair, yazıçı, həkim-kardioloq Qalib Şəfahətin şeirlərini təqdim edir. Qeyd edək ki, onun “Mənə ürək verin”, “Əllərində göy üzü”, “Eşqə batır yanaqlarını” şeirlər, “O mən deyildim“ hekayələr kitabı və ”Sandıq“ romanı işıq üzü görüb. Bir çox şeir və nəsr kitabları xarici ölkələrdə çap olunub.

Turan yolu

Xankəndində
Rəsulzadə
prospekti ilə
Heydər Əliyev
prospektinin
Kəsişdiyi yerdən
durub
baxıram sabaha.
Hazırlıq görürəm
səhər tezdən çıxmağa
Turan yoluna.
İlhamla…
Qoşulun mənə
sahib çıxaq cahana!

Təbriz keçir ürəyimdən

Asta tərpən, asta yeri,
Təbriz keçir ürəyimdən.
Sevindirin göyü-yeri,
Təbriz keçir ürəyimdən.

Xəyal uzun, sükut dərin,
Hamıya xoş müjdə verin,
Ayaq altda xalı sərin,
Təbriz keçir ürəyimdən.

Qəlbim Xudafərin yolu,
Arzularla əli dolu,
Oğuz yurdu, Turan eli,
Təbriz keçir ürəyimdən.

Ötdü zaman, keçdi dövr,
Ərdəbildən salam deyir,
Gəncə, Bakı yol gözləyir,
Təbriz keçir ürəyimdən.

Nə danışın, nə də dinin,
Xəyallardan düşün, enin,
Xoş günüdür ayın, ilin,
Təbriz keçir ürəyimdən.

Bu həsrət, ayrılıq bitsin,
Arzular murada yetsin,
Qapıları açın, keçsin,
Təbriz keçir ürəyimdən.

O qızın sevdası

Əzablarım dözmədi,
Canımın ağrısına,
Kimim var gəlib qala,
Dərdimin qayğısına.

Ömrümü vərəq-vərəq
Vərəqlədi bu sevgi,
Dost, düşmənin içindən
Soraqladı bu sevgi.

İndi pərəsəng düşüb,
Dərdim eşqin əlindən,
Asılıb qalıb elə,
Hər cəfası qəlbimdən.

Unudaram hər şeyi,
Hər şey bəhanəm mənim.
O qızın sevdası da
Kəsilib dərdə qənim.

Gec dönürsən

Arzuların tanışdı,
Hər gün yolda görürəm,
Hər gün sizin qapıya
Xəyallarda gəlirəm.

Nə qonaq saxlayırsan,
Nə də ki, get deyirsən.
Niyə mənim qəlbimə
Hamıdan gec dönürsən?

Öz kölgəndə böyüyüb,
Öz arzunda sönürsən,
Ürəyim qapısını
Oğrun-oğrun döyürsən?

Yuxularım qapısı
Açıq qalır üzünə,
Gəl, yuxulu gəlibsən,
Su iç, bir gəl özünə.

Öz yerində oturdacaq

İllər səni qoymaz belə,
Bir gün üzə çıxaracaq,
Ömür sənə insaf edib,
Özü ilə aparacaq.

Qoymaz üzü ağ gedəsən,
Sinən dolu dağ gedəsən,
Bu dünyadan sağ gedəsən,
Səndən nəsə qoparacaq.

Kim verib sənə hünəri?
Tutammazsan göyü, yeri,
Kimsə durduracaq geri
Öz yerində oturdacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.