Press "Enter" to skip to content

Qardaş ölkənin Quru Qoşunları komandanı Azərbaycanda – VİDEO

Qardaş ölkənin Quru Qoşunları komandanı Azərbaycanda

BAYRAQDAR MEDİA – Dekabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “qardaş ölkənin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Müdafiə Nazirliyində keçirilən görüşdə Z.Həsənov türkiyəli qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib”.

Sonra xəbərdə, “Azərbaycan və Türkiyənin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanan Şuşa Bəyannaməsinin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Nazir regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın rolunu xüsusi vurğulayıb. Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən ordu generalı S.Bayraktaroğlu mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin təzahürü olduğunu qeyd edib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının iki ordu arasında uyarlılığın təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “görüşdə, hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması və təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Birgə hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər müzakirə edilib”.

Daha sonra Azərbaycan müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.