BAYRAQDAR MEDİA – Bakıdakı 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyevanın “Şəfanı uzaqda axtarma” adlı maraqlı kitabı işıq üzü görüb.
Xəbəri BAYRAQDAR MEDİA-ya müəllif verib.
Mehriban Hacıyeva bildirir ki, “kitab unikal və sirli Şərq təbabətinə həsr olunub. Burada Çin, Hindistan, Yaponiya və Koreya, eləcə də Azərbaycan xalq təbabəti haqqında ətraflı məlumat verilib. Kitabın son bölməsində müəllifin özünün Şərq təbabəti və bioenerji terapiyasının sintezi nəticəsində yaratdığı Holistik Enerji Terapiyası oxuculara təqdim olunub”.
Müəllif deyir ki, yeni əsəri “heç bir tibbi müdaxilə ehtiva etmir. Bu kitabda əsrlərdən bəri sınaqdan çıxmış, bəziləri hələ də yaşadılan, bəziləri isə unudulmuş möhtəşəm təbii şəfa metodlarından bəhs edilib”.
Mehriban Hacıyeva sözügedən kitabı həkim valideynlərinə, əsasən də onun təsəvvüründə uşaqlıqdan bəri əsl həkim obrazını formalaşdırmağı bacarmış anası Hicran Hacıyevanın 70 illik yubileyinə ithafən qələmə alıb.
Kitab Şərq təbabətini bu qədər sistemli və vəhdətdə əks etdirən bəlkə də ilk vəsaitdir. İllərin yorulmaz axtarışları, müxtəlif mənbələrdən toplanmış və təhlil edilmiş məlumatlar və ən sonda müəllifin yaradıcı toxunuşu kitabı özünəməxsus və fərqli edib. Ümid etmək olar ki, bu kitab öz sağlamlığına dəyər verən hər bir oxucunun şəfa mayakı və stolüstü kitabı olacaq.
İlk şərhi yaza bilərsiniz