Son yeniləmə: 23 Dekabr 2024 11:06
BAYRAQDAR MEDİA – Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında imtahan keçirilib. İmtahanda ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş 14 şagird biliklərini nümayiş etdirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “imtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun təşkil olunub. Nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər barədə məlumatlar Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) təqdim ediləcək. MÜTDA tərəfindən təşkil edilən müsabiqədən uğurla keçən şagirdlər müvafiq olaraq cari tədris ilinin ikinci yarım ilindən etibarən bir sinif yuxarı sinifdə təhsillərini davam etdirəcəklər”.
Qeyd edilib ki, “Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər”.
İlk şərhi yaza bilərsiniz