BAYRAQDAR MEDİA – Dekabrın 23-dəAzərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan Klubunda “Mirzə İbrahimovun İrsinin Qorunması və Təbliği” Fondunun layihəsi çərçivəsində Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
AYB-nin birinci katibi, Fondun Himayəçilik Şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev açılış çıxışında görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət və Beynəlxalq Nehru mükafatlarının laureatı, akademik, Xalq yazıçısı Mirzə İbrahmovun yaradıcılığından danışıb. O, yazıçının Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrdən söhbət açıb. Çingiz Abdullayev qeyd edib ki, Mirzə İbrahimov yeni dövr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biri olub. Onun kimi şəxsiyyətlərin xalqın mənən oyanmasında xüsusi rolunu diqqətə çatdıran Çingiz Abdullayev yazıçının elmi-nəzəri və bədii irsinin öyrənilməsinin vacibliyini də vurğulayıb.
Münsiflər heyətinin sədri, Xalq yazıçısı Elmira Axundova Fondun ilk layihələrindən olan Müsabiqənin əhəmiyyətindən danışıb. O, deyib ki, müsabiqədə Azərbaycanla yanaşı Rusiya, Özbəkistan, İrandan olan müəlliflər də iştirak edib.
Elmira Axundova təqdim olunan işlərin Mirzə İbrahimovun həyat və yaradıcılığında baş vermiş əlamətdar hadisənin araşdırılmasına həsr olunduğunu, Xalq yazıçısının “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirdiyini qeyd edib.
Elmira Axundova bildirib ki, görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti işlərin dəyərləndirilməsi və seçimi zamanı bədii dəyər, üslub vahidliyi, ideya yaradıcılığı, bilik səviyyəsi kimi meyarları əsas götürərək qərar verib.
Bildirilir ki, “Ən yaxşı elmi-tədqiqat işi” nominasiyası üzrə Pərvanə Məmmədlinin “Mirzə İbrahimov yaradıcılığında xalqın taleyüklü məsələləri”, Nigar Yahyazadənin “Mirzə İbrahimov yaradıcılığı tədqiqatlarda” işləri müvafiq olaraq I, II yerlərə layiq görülüb. III yerə isə Məlihə Əzizpur Özturhanın “Mirzə İbrahimovun İran ədəbi mühitindəki yeri” adlı işi layiq görülüb.
“Ən yaxşı ssenari” nominasiyasında Eldəniz Məmmədovun (Özbəkistan) “Şuşada əhvalat”, Sanjar Murodşayxovun “Ana” əsərləri uyğun olaraq I və II yerlərə layiq görülüb. Həvəsləndirici mükafatlar isə Lamiyə Məmmədovanın “Oğru”, Baxrom Musurmanovun “Qübbə”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenarilərinə təqdim edilib.
“Ən yaxşı esse” üzrə Orxan İsayevin yeni yazı üslubu və ideya yaradıcılığı Qran Pri mükafatına layiq görülüb. Bundan əlavə Racu Gözəlov (Şıxlı) “Bir kərə yüksələn bayraq bir daha enməz!”, Kəmalə Nəcəfova “Pıçıltı ilə qışqıran ədib”, Sara Əliyeva isə “Gələcək gün” esseləri ilə müvafiq olaraq I, II və III yerdə qərarlaşıb.
Sonuncu, “Ən yaxşı ədəbi-bədii əsər” nominasiyasında Əsmər Əhmədovanın “Ümid” hekayəsi qalib olub.
Əlavə edək ki, qaliblərinin işləri “Gələcək Gün” adlı beynəlxalq elmi-nəzəri jurnalın xüsusi buraxılışında təqdim edilib.
İlk şərhi yaza bilərsiniz