Son yeniləmə: 21 Dekabr 2024 20:53
BAYRAQDAR MEDİA oxuculara Azərbaycan TV məkanında özünəməxsus yer və qısa müddətə ciddi uğurlar qazanmağı bacarmış, yetərincə geniş tamaşaçı auditoriyası toplamış Baku TV-nin direktoru Ramin Cəfərovla müsahibəni təqdim edir.
-Ramin bəy, sizin rəhbərliyiniz altında Baku TV-nin əldə etdiyi uğurlar çox diqqətəlayiqdir. Bu uğurun sirri nədir?
-Baku TV-nin uğurunun sirri onun 6 il ərzində formalaşmış insan resurslarıdır. Bizimlə birgə çalışan komanda bir neçə il ərzində çox böyük işlər görüb və ilk gündən bəri böyük nailiyyətlər əldə edib. Bizimlə çalışanlar, əsasən gənc nəslin nümayəndələridir. Onlar bacarıqlarını tam şəkildə nümayiş etdiriblər və böyük nailiyyətlər qazanıblar. Biz menecer olaraq gəncləri yönləndiririk və düzgün məzmun hazırlamaq üçün onlara müxtəlif üsullar və yollar göstəririk. Baku TV-nin uğuru bütövlüklə düzgün kadr siyasəti, insanların peşəyə düzgün yönləndirilməsidir. Elə insanlar var idi ki, fərqli peşələrə sahib idilər, amma bizə gələrək özlərini media sahəsində tapdılar və bu sahədə çalışdılar. Baku TV olaraq 47 növ peşəyə sahibik və bu, az deyil. Biz çalışırıq ki, hər kəs lazımlı yerdə olsun və öz işindən məmnun qalsın.
-Müxtəlif televiziya rəhbərləri müsahibə vermək məsələsində fərqli yanaşmalar nümayiş etdirir. Bəziləri şəffaflığı və açıq kommunikasiya strategiyalarını seçir, digərləri isə daha ehtiyatlı davranaraq müsahibələrdən yayınır. Öz şəxsi təcrübənizdən çıxış edərək, sizcə, bu fərqli yanaşmaların səbəbləri nələrdir və hər iki yanaşmanın şirkətlərə və ictimaiyyətə olan təsiri barədə nə düşünürsünüz? Hansı yanaşmanın daha faydalı olduğunu hesab edirsiniz?
-Düşünürəm ki, insanlarla danışmaq lazımdır. Biz bütün fəaliyyət günlərimizdə insanlarla danışırdıq. Siz indi sual verə bilərsiniz ki, necə danışırsınız? Biz rəqəmsal mediadan – internetdən gəlmişik. İnternet isə, bildiyiniz kimi, insanlara daha yaxındır. Klassik televizoru evdə izlədiyiniz zaman cavab verə bilmirsiniz. Bizim, məsələn, YouTube-dakı efirimizin altında şərh yazmaq imkanınız var və geri dönüş də ala bilərsiniz. Hər hansı bir videonun altında, sosial səhifələrimizdə bizə sual ünvanlaya və ya mövqeyinizi bildirə bilərsiniz. Biz dərhal ona münasibət bildiririk, şəxsi poçtumuza gələn sualları cavablandırırıq və ya hər hansı müraciətə baxırıq, beləliklə tamaşaçılarımızla bilavasitə ünsiyyətdə oluruq. Rəhbər şəxslərin müsahibə verib verməməsinə gəldikdə isə, hər bir rəhbərin öz strategiyası var. Hər bir rəhbər öz fəaliyyətini və ya fəaliyyətinin hər hansı bir məqamı haqqında danışıb danışmamaq barədə qərar verir. Fikirlər fərqlidir, rəhbərlər də müxtəlifdir. Mən düşünürəm ki, əlbəttə, nə qədər açıq olsalar, fəaliyyətləri haqqında daha çox danışsalar, bu o qədər onlara üstünlük verəcək və onların iş barəsində PR-nın daha çox olması cəmiyyətdə göstərici olacaq.
-Yəni demək istəyirsiniz ki, belə yanaşma cəmiyyətdə əlavə etimad yaradır?
-Bəli, həm etimad, həm də səmimilik yaradır. Mən düşünürəm ki, bunlar yalnız müsbət şəkildə əks oluna bilər.
-Televiziya sahəsində informasiya təhlükəsizliyi çox önəmlidir. ISO 27001 sertifikatının sizin strategiyanızla uyğun olub olmadığı barədə fikirlərinizi öyrənmək maraqlıdır. Gələcəkdə bu sertifikatın əldə olunması planlaşdırılırmı?
-Bildiyiniz kimi, bizdə ISO 9001, ISO 14001 və ISO 45001 sertifikatları artıq var. ISO 27001 sertifikatı haqqında da düşünürük və informasiya təhlükəsizliyi sahəsində bu sertifikatı əldə etmək üçün müəyyən addımlar atırıq. Yaxın gələcəkdə onu da əldə edəcəyik. Sertifikat əldə etməklə iş bitmir. Hər üç aydan bir auditlər keçirməli və informasiya təhlükəsizliyi barədə hesabatlar hazırlamalısan. Bu, asan bir proses deyil, amma biz çətin proseslərə hazırıq. Əsas məsələ bizim göstəricilərimizin beynəlxalq səviyyədə olmasıdır. Bizimlə iş birliyi qurmaq istəyən digər şirkətlər bu məlumatı əldə etdikdə bizimlə daha rahat çalışa bilərlər.
-Müasir media mühitində kanalınızın qarşılaşdığı ən böyük çətinliklər hansılardır və bu çətinlikləri aşmaq üçün hansı strategiyaları tətbiq edirsiniz?
-Qarşımızda xeyli yalan (feyk) xəbər olur. Belə xəbərləri də müxtəlif üsullarla müəyyən edirik. İlk növbədə mənbədən dərhal fikir öyrənməyə çalışırıq. Digər tərəfdən, kopiraytinq (copyright) məsələsi bizə çətinlik yaradır. Təəssüf ki, hər kəs kopiraytinq qanunlarına o qədər də önəm vermir. Halbuki yeni media qanununa görə bu qaydalar mövcuddur. Sadəcə insanlar onlara riayət etmirlər. Bəlkə də cəza mexanizmi sərtləşsə və cərimələr olsa, insanlar bu qaydalara daha çox riayət edərlər. Biz də şahidi oluruq ki, Baku TV-nin loqosunu örtərək öz loqolarını yerləşdirirlər və yəqin siz də bunu müşahidə etmisiniz. Onlar videoları öz səhifələrində paylaşırlar və bu, xoş olmayan bir haldır. Ən azı videomuzu paylaşırlarsa, mənbəni qeyd etməli və ya bizim loqonu kəsməməlidirlər. Bu daha yaxşı olardı.
-Hazırda tətbiq etdiyiniz və gələcəkdə planlaşdırdığınız innovativ layihələr hansılardır?
-İnnovativ layihə deyərkən biz süni zəkanı nəzərdə tuturuq. Bu baxımdan süni zəka ilə bağlı bir-iki layihə nəzərimizdə var.
-Nəzərdə tutduğunuz layihə 2025-ci ildə həyata keçəcəkmi?
-Bəli. Vaxtı gələndə də anons edib xəbər verəcəyik.
-Bu innovasiyaların tətbiqi zamanı hansı əsas mərhələləri keçirsiniz, hansı çətinliklərlə qarşılaşırsınız və bu yeniliklərin kanalınıza və tamaşaçılara təsiri necə olur?
-İnnovasiyaların daha da mükəmməl olmasını gözləyirik. Söhbət süni zəkadan gedir. Məsələn, süni zəkanın Azərbaycan dili o qədər də mükəmməl deyil. Azərbaycan mətnlərini də mükəmməl redaktə etmir. Biz gözləmə mərhələsindəyik ki, bu daha da mükəmməl olsun və onu öz işimizdə tətbiq edək. Düzdür, süni zəka heç bir jurnalisti və ya hər hansı bir əməkdaşı əvəz edə bilməz. Amma düşünürəm ki, bu zəka yaxın gələcəkdə ən azı video montaj edən şəxsləri əvəzləyə biləcək.
-Bir az da Baku TV-nin bu il əldə edilmiş ən böyük nailiyyətlərindən danışaq.
-Baku TV-nin bu ilki ən böyük nailiyyəti film istehsalı ilə bağlıdır. Bu filmi bir neçə festivala göndərmişik və həmin festivalların biri Los-Ancelesdə keçirilib. Filmimiz orada birinci yer tutub. Bu film bizim əməkdaşımıza həsr olunub. O, qazidir və könüllü olaraq müharibəyə gedib. Filmin adı “Söz”dür. Ssenarinin detallarını o qədər də açıqlamaq istəmirəm ki, tamaşaçılar üçün baxmaq maraqlı olsun.
-Şəxsən sizə motivasiya verən nədir və işinizdə ən çox nəyi sevirsiniz?
-Döyüş meydanında müharibə bitdi, amma informasiya müharibəsi hələ davam edir. İnformasiya müharibəsində isə istər-istəməz motivasiya yaranır. Əsgərlərimiz hərbi səngərdə durur, biz isə media səngərində. Bu, bizə həm motivasiya, həm də güc verir. Anlayırıq ki, arxamızca gəncləri yetişdirməliyik. Bu motivasiya verir ki, bizim dövrümüzdən sonra gənclər həm real, həm də media səngərində dursunlar. Bütün cəbhələrdə öz ölkəmizi qorumalıyıq.
-Gənc jurnalistlərə tövsiyələriniz nə olardı?
-Gənc jurnalistlər üçün böyük fürsətlər yaradılıb. Mən gənc olanda mövzuları qəzetlərdən tapırdım. Qəzetlər də o qədər çox deyildi. İndi isə sosial şəbəkələrdə gün ərzində minlərlə mövzu tapmaq olar. İndiki gənclər sadəcə öz üzərində işləyib inkişaf etməlidirlər. Əllərində bütün resurslar var. Mən 1990-cı illərdə işə başlamışam. Həmin dövrlərdə insan özünü cəmiyyətə təqdim edə bilmirdi. Sən yalnız aparıcı olmalı idin və ya efirə çıxmalı idin ki, özünü təqdim edəsən, cəmiyyətə faydalı olduğunu göstərəsən. Amma indi çoxlu faydalı blogerlər var. Bloger də bir növ jurnalistdir. O jurnalist-bloger həm özünün operatoru, həm prodüseri, həm redaktoru, montajçısı və səs rejissorudur. Bu peşələrin hamısı bir insanda cəmləşir. Adını da qoyublar bloger. Əslində bu, peşəkar jurnalistdir, o da məlumat verir. İstər restorandan, istərsə də səyahətdən və ya ölkə daxilində olan proseslərdən hansısa bir xəbəri çatdırmaqla insan özünü ifadə edə bilir. O vaxt belə bir fürsət yox idi. Ona görə də indiki gənclərə tövsiyəm odur ki, bütün bu yeniliklərdən istifadə etsinlər. Bu, çox asan və gəlirli bir fəaliyyətə çevrilə bilər.
-Yəni demək istəyirsiniz ki, gənc jurnalistlər sosial şəbəkələrdə aktiv olmalıdırlar?
-Bəli, çox aktiv olmalıdırlar. Bu, onların malik olduğu bir fürsətdir. O vaxt gənclər özlərini yalnız televiziya vasitəsilə göstərə bilərdilər. İndi isə insanlar canlı yayımı açıb minlərlə, milyonlarla insanın qarşısına çıxa bilərlər. Əvvəllər bu fürsət yox idi. Milyonların qarşısına çıxmaq istəyirdinsə, mütləq hansısa televiziya kanalında işləməli idin. Amma indi TikTok-u açmaqla, trendlərə girmək və maraqlı söhbətlər etməklə çox populyar olmaq mümkündür. Tövsiyəm odur ki, gənclər bütün növ innovativ yeniliklərdən tam istifadə etsinlər və fəal olsunlar. Hansı mövzuya yaxınlıq hiss edirlərsə, həmin mövzuya uyğun maraqlı və aktual bir məhsul hazırlayıb canlı yayımda təqdim etsinlər. Bu, onları inkişaf etdirəcək və sabah populyar olanda televiziya kanalları tərəfindən dəvət olunacaqlar. İndi, bilmirəm, fikir vermisinizmi, ənənəvi televiziya kanalları gənc blogerləri yayıma dəvət edirlər. Onlar istəyirlər ki, blogerlərin tamaşaçılarını öz kanallarına cəlb etsinlər.
-Sonda oxucularımız üçün məsləhət və düşüncələrinizi də eşitmək maraqlı olardı.
-Hər bir insan öz ailəsini və ölkəsini sevməlidir. Həyatı mənasız keçirməmək üçün insan özündən sonra iz qoymalıdır. Bu, bütün insanlara tövsiyə etdiyim əsas konsepsiyadır. Bütün vasitələr bu məqsədə çatmaq üçün mövcuddur. Sadəcə olaraq sevmək lazımdır. Ölkəni, ailəni, vətəni sevmək lazımdır. Sevgidən yaranan hər bir nailiyyətin uğuru daha yüksəkdir.
İlk şərhi yaza bilərsiniz