BAYRAQDAR MEDİA – Dekabrın 20-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “Müdafiə Nazirliyində keçirilən görüşdə Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb”.
Sonra xəbərdə, “göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb. Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb” deyə qeyd olunur.
Bildirək ki, görüşün sonunda regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
İlk şərhi yaza bilərsiniz