BAYRAQDAR MEDİA – Yeni il hər kəsin böyük sevinclə qeyd etdiyi bayramlardandır. Lakin bu əlamətdar bayramda insanların bəzədilmiş küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsini yaradır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “FHN tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması sonda əziz bayramın faciəyə çevrilməsinə şərait yaradır”.
Qeyd olunanlarla əlaqədar FHN əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladıb:
– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
– ağac tezalışan oyuncaqla bəzədilməməli;
– qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Bundan başqa FHN qeyd edib ki, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:
– şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
– pəncərədə dəmir barmaqlıq olmamalı;
– məkanın iki çıxışı olmalı;
– ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;
– ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
– təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
– otağın qapıları mütləq bayıra açılmalı;
– məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
– şənlikdə işıq tam söndürülməməli;
– məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Nazirlik həmçinin bildirib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər.
Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.
İlk şərhi yaza bilərsiniz