Press "Enter" to skip to content

Azərbaycan və Belarus teatrları arasında memorandum

Milli Dram Teatr və Belarus Milli Akademik Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

BAYRAQDAR MEDİA – Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Yanka Kupala adına Belarus Milli Akademik Teatrı arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “memorandumu Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov imzalayıb. İmzalanma mərasimində Belarusun mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin və Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev iştirak edib. M.Əliyev çıxış edərək böyük tarixə və yaradıcılıq imkanlarına malik olan iki milli teatr arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib”.

Daha sonra xəbərdə, “D.Şlyaxtin qurulan əməkdaşlığı iki ölkənin mədəni münasibətlərində, teatr sənəti sahəsində yeni mərhələ adlandırıb” deyə bildirilir.

Xəbərdə, həmçinin deyilir ki, “İ.Əsgərov Azərbaycan və Belarus Mədəniyyət Nazirliklərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb”.

A.Şestakov Milli Dram Teatrı ilə imzalanan müqaviləni rəhbərlik etdiyi teatrın həyatı üçün vacib hadisə kimi dəyərləndirilib. 2025-ci ildə Minsk və Bakı arasında olacaq mübadilə qastrollarına hazırlıqların başladığını diqqətə çatdırılıb.

Qeyd edək ki, imzalama mərasimi Belarus mətbuatında geniş işıqlandırılıb.

Mission News Theme by Compete Themes.