BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin bugünlərdə Rusiya mediasına verdiyi geniş müsahibədə səsləndirdiyi fikirlər müzakirələrə yol açıb. Onun hər bir sözü ətrafında fikir mübadiləsi aparılır, şərhlər verilir. Özəlliklə də Prezidentin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəymiş maddi zərərlə bağlı səsləndirdiyi fikir yeni bir yanaşma tələb edir. İlham Əliyev deyib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana 150 mlrd dollardan çox maddi ziyan dəyib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət bildirir ki, ölkə başçısı bu rəqəmi elə-belə səsləndirməyib: “Hər şeydən öncə diqqət çəkən odur ki, Prezident belə bir rəqəmin 4 illik araşdırmalar nəticəsində əldə edildiyini deyib. Yəni havadan deyil, konkret araşdırmalar sonucu əldə edilən rəqəmdən danışırıq. İkincisi də odur ki, indiki mərhələdə İlham Əliyev bu rəqəmi dilə gətirməklə yeni bir mərhələnin anonsunu verir. Yəni Ermənistan vurduğu maddi zərərin qarşılığını ödəməlidir”.
Azər Həsrət deyir ki, Prezident İlham Əliyev Ermənistanın belə bir məbləği ödəmək üçün imkanlara malik olmadığını da gözəl bilir: “Amma Azərbaycan hər şeyin üstündən belə asanlıqla keçə də bilməz. Yəni Ermənistan ya bu məbləği ödəməlidir, ya da ki, başqa bir yolla təzminat verməlidir. Nəzərə alsaq ki, işğalçı dövlətin belə böyük məbləğə gücü çatmaz, onda alternativlər haqqında düşünmək olar. Şəxsən mən düşünürəm ki, Ermənistan 150 mlrd-ın yerinə Azərbaycana torpaq verə bilər. Misal üçün, ilkin mərhələdə Qərbi Zəngəzuru Azərbaycana qaytarmaqla Ermənistan vəziyyətdən çıxmaq üçün yol aça bilər. Sonrakı mərhələdə isə Azərbaycanın daha yumşaq davranması, hətta bu məbləğin bir hissəsini güzəştə getməsi müzakirə mövzusu ola bilər. Ona görə də Ermənistan rəhbərliyi ağıllı davranmalı, Azərbaycan Prezidentinin xoş məramlı açıqlamalarına diqqət kəsilməlidir”.
İlk şərhi yaza bilərsiniz