Son yeniləmə: 19 Dekabr 2024 09:52
BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də media savadlılığı ilə bağlı mövcud olan bəzi problemlərdir. Əgər biz media savadlılığından danışırıqsa ölkəmizdə mövcud olan, daha doğrusu xüsusilə son vaxtlar tez-tez üzləşdiyimiz bir problemi də qeyd etməyə bilmərik”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir İsmayılov deyib.
Onun sözlərinə görə söhbət hansısa sahələrdən, yaxud qurumlardan yazan media təmsilçilərinin o sahələrlə bağlı biliyinin, məlumatının ya az olması, ya da ümumiyyətlə heç olmamasından gedir: “Bəzən hansısa media təmsilçisi tərəfindən deyək ki, kənd təsərrüfatı mütəxəssisinə mədəniyyətdən, səhiyyə sektoruna cavabdeh şəxsə aqrar sahədən və s. bu kimi uyğunsuz sualların verildiyinin şahidi oluruq. Yaxud da deyək ki, hansısa dövlət tədbirinin keçirildiyi məkanda hansısa qurum rəsmisində jurnalistlər açıqlama götürür. Adam 20 dəqiqə danışır. Sonra o jurnalistlər arasında olan birisi, yaxud ikisi digər həmkarlarından “bu danışan kim idi” deyə soruşur”.
N.İsmayılov deyib ki, oxşar hadisələr xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlıqlar zamanı da müşahidə edilir: “Məsələn, deyək ki, İtaliya səfirliyi ilə əməkdaşlıq edən media təmsilçisi az qala İtaliyanın harada yerləşdiyini bilmir. Yaxud İspaniya səfirinə Argentinaya aid olan məsələ barədə sual verilir. Təbii ki, belə hallar bizə heç də uğur gətirmir və hesab edirəm ki, media savadlılığından danışırıqsa ilk növbədə bu problemin də aradan qaldırılmasına çalışmalıyıq”.
CASCFEN sədri vurğulayıb ki, əslində Azərbaycanda medianın inkişafına cavabdeh olan müvafiq qurumlar, təşkilatlar zaman-zaman media təmsilçilərinin ixtisaslaşması ilə bağlı birgə tədbirlər, təlimlər, konfranslar keçirirlər: “Bu cür tədbirlər zamanı lazımlı məsləhətlər də verilir. Ancaq təəssüf ki, hələlik ortada tam şəkildə arzuedilən nəticə yoxdur. Bunun da çeşidli səbəbləri var. Hesab edirəm ki, istər ayrı-ayrı dövlət qurumları, istərsə də diplomatik təmsilçiliklər onlarla əməkdaşlıq edən media təmsilçilərinə qarşı tələbkarlığı bir qədər artırmalıdırlar. Söhbət təbii ki, jurnalistin əməkdaşlıq etdiyi qurum, yaxud diplomatik təmsilçiliyinin məlumatlarını dərc etdiyi xarici olkə ilə bağlı lazımlı məlumat bazasının olub-olmamasından gedir. Təbii ki, mən bunu qurumlarla daimi əməkdaşlıq edən media təmsilçiləri üçün nəzərdə tuturam”.
İlk şərhi yaza bilərsiniz