Press "Enter" to skip to content

ABŞ və Fransa səfirlikləri dedi, biz də cavab verdik

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – ABŞ-nin Bakıdakı səfirliyi artıq bir diplomatik təmsilçilikdən çox adi blogerlik fəaliyyəti ilə məşğuldur. Deyəsən bunlar təyinatı dəyişib Azərbaycana jurnalistika və blogerliyi öyrətməyi, medianın bu və ya digər şərhlərini öz istədikləri kimi yozmağı adət halına alıblar.

Gəlin öncə Bakıdakı ABŞ səfirliyinin sosial media hesablarında paylaşdığına baxaq: “Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin apardığı təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq “namərdlik” sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? “Media Savadlılığı Həftəsi” keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir”.

Bunların “namərdlik” yanğısı AzTV-nin bu videosundakı qısa şərhdir:

Hər zamankı kimi cavabımızı verdik…

İndi isə səfirliyin Facebook hesabındakı bu paylaşımına bizim verdiyimiz cavabı təqdim edirik: “ABŞ anlamalıdır ki, başqa dövlətlərin iç işlərinə qarışmaq ədəbsizlikdir. O həbs edildiyini dediyiniz jurnalist və blogerlər də sizin üzünüzdən içəridədirlər. Onlara qanunsuz yolla pul daşıyanda bilmirdinizmi adamları odun içinə atırsınız? Əgər sizin əməlləriniz dürüst və haqlıdırsa, niyə o maliyyəni açıq deyil, qaçaq yollarla Azərbaycana gətirməyə üstünlük verirdiniz? Azərbaycan sizin də üzərində əsdiyiniz şəffaflığı təmin etmək istəyir, sizsə durub Azərbaycanın bu xoş məramını sabotaj edirsiniz. Əziyyət çəkənsə sizin üzünüzdən tutulan o jurnalistlər – blogerlərdir. Bizim gözümüzdə çöp axtaracağınıza, öz gözünüzdəki tiri görün hələ…”

Necə deyərlər, mollanın dediyini elə, elədiyini eləmə misalıdır bunlarınkı. Özlərinə gələndə hər şey mümkündür. Misal üçün, xaricdən (elə daxildən də) qanunsuz maliyyə alan ABŞ vətəndaşları, o cümlədən jurnalistlər ağır cəzaya məhkum edilə bilər. Amma Azərbaycan belə adamları cəzalandıranda, bunlara görə bu, media azadlığının boğulmasıdır.

Niyə belə, hörmətli ABŞ səfirliyi və eyni zamanda ABŞ Dövlət departamenti? Axı necə olur ki, bir şey sizə olar, bizə olmaz?

Yaxud da necə olur ki, Azərbaycanda oturub sizdən qaçaq yolla aldıqları pullarla antimilli fəaliyyət göstərməklə ölkəni içəridən sökənlər məsuliyyətə cəlb ediləndə buna qanunsuzluq deyirsiniz? Məgər sizin öz ölkənizdə belə fəaliyyətə icazə verirsiniz? Vermirsiniz axı. Adicə ölkənizə gələn xaricilərin az qala alt paltarını belə sərhəd keçid məntəqələrində soyundurub yoxlayırsınız ki, nəsə bir şey keçirə bilməsinlər. Amma bizə gələndə özünüz, hətta dövlət səviyyəsində qaçaqmalçılığı dəstəkləyir, təşviq edirsiniz…

Bir özünüzə baxın…

Əgər bizimlə doğrudan da bərabər tərəfdaşlıq etmək istəyirsinizsə, bunun tək yolu şəffaflıq və qanunçuluqdan, qarşılıqlı hörmətdən keçir. Bir Azərbaycan vətəndaşı kimi bilirəm ki, bizim dövlətimiz bu məsələ üçün həmişə açıq olub, indi də açıqdır.

Yeri gəlmişkən, səfirliyin X hesabında etdiyi ingiliscə eyni məzmunlu paylaşıma da qısa cavab verməyi özümə borc bildim: “Azərbaycanda həbs edilmiş jurnalistlərə/blogerlərə görə məsuliyyəti ABŞ daşımalıdır. Onların çoxu qanunsuz maliyyə gətirməklə məşğul olub. Təəssüf ki, o maliyyə ABŞ vergi ödəyicilərinin pullarıdır. Beləliklə, o adamların barmaqlıq arxasında olmasının səbəbi ABŞ-nin onları qanunsuz maliyyələşdirməsidir”.

Fransa səfirinin özünümüdafiə cəhdi…

Bu arada Fransa səfiri də dodağımızı qaçıracaq kiçik bir paylaşım edib. Bu diplomat xanım Azərbaycan dilində etdiyi paylaşımla bizə göz dağı verdiyini sanır. Görün, nə yazır bu səfir: “Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?”

Bu isə bizim cavabımızdır: “Xanım səfir, siz doğrudan da diplomatsınız? Bu nə yanaşmadır? Fransa dünyanın böyük ölkələrindən biridir. Oraya dünyanın hər tərəfindən insanlar gəlir, gələcək. İndi Azərbaycandan getmək istəyənlərin sayı bir balaca artıb deyə bu, Makronun uğurlu siyasətinin nəticəsidir?”

Əslinə qalanda istər ABŞ, istərsə də Fransa və bənzər dövlətlər Azərbaycanla hüquq və ədalət müstəvisində çəkişə bilmədikləri üçün belə çılğına dönüblər. Ona görə də açıq müzakirədən çəkinib sosial media üzərindən paylaşımlarla öz ağıllarınca bizə göz dağı verdiklərini sanırlar.

Biz həm ABŞ, həm də Fransa haqqında istənilən qədər insan haqları pozuntusu məlumatına malikik. Azərbaycan mediası bu haqda hər gün danışır, yazır, göstərir. İş ondadır ki, bu dövlətlərin heç biri Azərbaycan mediasının həm milli, həm də beynəlxalq müstəvidə təqdim etdiyi informasiyaları təkzib edə bilmir. Ona görə də üstümüzə bu yolla gələ biləcəklərini sanırlar.

Amma unudurlar…

Unudurlar ki, belə əsassız cəhdlərlə bizi küncə sıxa bilməzlər. Misal üçün, əgər Fransa doğrudan da haqlı olduğunu sübut etmək istəyirsə, 21-ci yüzildə belə əlində tutduğu müstəmləkələrdən imtina etməlidir. Edərmi? Etməz bizcə…

Yaxud da elə ABŞ-nin özü bizə örnək olmaq istəyirsə, Azərbaycanı ittiham etdiyi məsələlərlə bağlı bizə sırımaq istədiyi qaydaları öncə öz ölkəsində qəbul etsin. Edərmi? O da etməz!

Ona görə də bunlar üçün ən yaxşısı öz kirli burunlarını bizim daxili işlərimizə soxmamaq olardı. Çəkilib otursunlar yerlərində, biz də onların heç bir işinə qarışmayaq. Əks təqdirdə, deyəcəyiniz varsa, deyəcəyimiz də olacaq həmişə…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.