Press "Enter" to skip to content

AQC-ni növbəti dövrdə kifayət qədər geniş fəaliyyət sferası gözləyir

Vüqar Oruc

Son yeniləmə: 18 Dekabr 2024 08:31

BAYRAQDAR MEDİA – “Planlarımızdan biri də bank sektorunun Cəmiyyətdə təmsil olunmasıdır. Bank ekspertlərinin AQC-ə cəlb olunması istiqamətində addımlar atılıb”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc deyib.

O, qeyd edib ki, 2024-cü ilin yanvar ayında AQC idarə heyəti tərəfindən yeni struktur qəbul olunan zaman Bank Ekspertlər Şurasının yaradılması ilə bağlı müvafiq qərar verilib və qurumun tezliklə banklardan ibarət bir koordinasiya şurası kimi təşkili qərara alınıb: “Bu yaxınlarda 13 əsas bankın iştirakı və AQC nümayəndərələrin təşəbbüsü ilə Cəmiyyət daxilində müvafiq qurum, yəni Bank Ekspertlər Şurası yaradılıb. Bununla da biz təkcə akademik cinahı gücləndirmək yox, eyni zamanda bank sektorunun AQC-də təmsil olunmasını təmin edirik. Eyni zamanda, qiymətləndirici peşəsinə həvəsi olan gənclərin bu qurumda birləşməsinə çalışacağıq. Yəni sayımızın artırılması, keyfiyyətimizin yüksəldilməsi, ölkədə qiymətləndirmə sektorunun inkişafı ilə bağlı tədbirlərin keçirilməsi, beynəlxalq arenada Azərbaycan qiymətləndiricilərinin təmsil olunması, ölkədə qiymətləndirmə sektorunda tənzimləyici qurum kimi çıxış edən Qiymətləndiricilər Palatasının fəaliyyətinə dəstək verilməsi istiqamətində addımlar atacağıq”.

V.Oruc bildirib ki, bu günə qədər olduğu kimi sertifikatlaşdırma kurslarını davam etdirəcəklər: “Təlim-tədris istiqamətində fəaliyyətimizi yenidən quracağıq və keyfiyyətini daha da yüksəltməyə çalışacağıq. Eyni zamanda Azərbaycan hökumətinə sektorun inkişafı ilə bağlı təkliflərimizi müxtəlif istiqamətlərdə təqdim etməyə çalışacağıq. Yəni fəaliyyətimizdə hansısa bir dəyişiklik yoxdur. Əksinə, fəaliyyətimizin daha da genişləndirilməsi və inkişafı nəzərdə tutulur. Hazırda fəaliyyətimiz assosiativ və peşə birliyi fəaliyyətidir. Eyni zamanda sertifikatlaşdırma, təlim-tədris işlərinin aparılması istiqamətində addımların atılmasından ibarətdir. Hesab edirəm ki, AQC-ni növbəti dövrdə kifayət qədər geniş fəaliyyət sferası gözləyir, qurumumuz şirkətlərin təşkilatından bütün ölkə qiymətləndiricilərinin birliyinə çevriləcək və bu istiqamətdə çox böyük miqyaslı planlarımız var”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.