Son yeniləmə: 17 Dekabr 2024 09:24
Vəsilə Əkbərova: Qərbi Azərbaycana məxsus paxlavaları yenidən yaşatmağa, türk dünyasının ortaq dəyəri kimi təqdim etməyə qərar verdik
BAYRAQDAR MEDİA – Qərbi Azərbaycan İcması soydaşlarımızın öz doğma ocaqlarına qayıtması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Biz düşünürük ki, Qərbi Azərbaycana məxsus mədəniyyət nümunələrinin, həmçinin mətbəx nümunələrinin yaşadılması və təbliği də bu istiqamətdə atılan mühüm addımlardan biri ola bilər. Bu baxımdan Bakıda keçirilən 13-cü Ənənəvi Paxlava Festivalı da ümumi və müdəqqəs arzumuza çatmaq istiqamətində atılan bir addım kimi yaddaşımıza yazılacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının üzvü, İrəvan mətbəxi və Qərbi Azərbaycan mətbəxinin təbliğatçısı və tədqiqatçısı Vəsilə Əkbərova deyib.
Açıqlamasında 18 ildir Qərbi Azərbaycan və İrəvan mətbəxini təbliğ etdiyini diqqətə çatdıran Vəsilə xanım festival məkanında Qərbi Azərbaycanın mətbəx nümunələrinin təbliğ olundu stendin xüsusilə fərqləndiyini deyib: “Göründüyü kimi çoxdandır arzuladığımız paxlava festivalında Qərbi Azərbaycan stendi kimi çıxış edirik. İllərdir bu anı gözləyirdik. Təşkilatçılara minnətdaram ki, bizim üçün bu şəraiti yaratdılar”.
V.Əkbərovanın sözlərinə görə, paxlava türk dünyasının ortaq şirniyyatıdır və qədim türk yurdu olan Qərbi Azərbaycanda da vaxtı ilə paxlavanın müxtəlif çeşidləri hazırlanıb: “Bu gün biz o çeşidləri təqdim etdik. Festivalda ziyarətçilərə təqdim etdiyimiz Naxçıvan paxlavası, Əncirli paxlava, Dərələyəz mahalının paxlavası demək olar ki, tamamilə unudulmuşdu. Lakin biz onları yenidən yaşatmağa, türk dünyasının ortaq dəyəri kimi təqdim etməyə qərar verdik. Stendimizə bəzək verən digər bir məhsul isə İrəvan xan sarayının mətbəxinə xas İrəvan xanı Abbasqulu xanın paxlavasıdır. Məlumat üçün bildirim ki, onun reseptini bizə Abbasqulu xanın nəticəsi verib”.
V.Əkbərova əlavə edib ki, stenddə Göyçə mahalının Kəvər paxlavası da öz yeirni tutub: “Məlumat üçün bildirim ki, Kəvər həmin mahalda qəsəbədir. Çox təəssüf ki, ermənilər bunun festivalını keçirir. Xalqımızın əksər hissəsi həmin paxlavanın varlığını belə bilmir. Kəvər paxlavasının digər paxlavalardan fərqi odur ki, hazırlanmasında bal, evdə bişirilmiş qənd və qozdan istifadə olunur. Şərbəti baldan olur və közdə bişir. Hesab edirəm ki, bu festival qədim türk yurdu olan Qərbi Azərbaycanın, Göyçənin, İrəvanın paxlava nümunələrinin yenidən həyata vəsiqə alması, həmçinin öncə türk dünyasında, sonra isə bütün dünyada tanıdılması üçün bir təkan rolunu oynayacaq”.
İlk şərhi yaza bilərsiniz