Press "Enter" to skip to content

“Dayaq” mükafatı öz sahiblərini tapdı

Tədbir zamanı

Son yeniləmə: 17 Dekabr 2024 09:40

BAYRAQDAR MEDİA – Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 3 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, “KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən, məşğulluğun təmin edilməsinə öz töhvəsini verən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir”.

Məlumata görə, 2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib: “Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev2024-cü ilərzində ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə əldə olunmuş uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat veriblər. Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında sahibkarlıq sahəsində qanunvericilik təşəbbüsləri, KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda, yaşıl keçiddə rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər”.

Məlumatda əlavə edilib ki, sonra 2024-cü ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatları təqdim olunub: “Sahibkarlar “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Uğurlu fermer”, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “İlin investoru”, “Əlillik məhdudiyyət deyil”, “İnnovativ həllər”, “Uğurlu startap”, “Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət”, “Halal biznes”, “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Yaşıl biznesin təşviqi” və “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyaları üzrə mükafatlandırılıblar. Həmçinin KOBİA tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı KOB evi”ndə “G2B xidmətlərinin səmərəli təşkili” nominasiyası üzrə mükafata layiq görülüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.