Son yeniləmə: 15 Dekabr 2024 20:08
BAYRAQDAR MEDİA – Artıq 65 ildir Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısı rayondakı Heydər Əliyev Mərkəzində keçirilib.
Məclisin sədri Fərzalı Ziyanur dekabrın 12-də anım günü olan Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
Sayğı duruşundan sonra sədr ötən ay ərzində görülən işlər haqqında qısa məlumat verib.
Fərzalı Ziyanur Məclis iştirakçılarına çağırış edərək dövlət dilindən istifadə məsələsində daha diqqətli olmağın vacibliyini deyib. O, qeyd edib ki, ədəbiyyat adamları bu məsələdə örnək olmaqla bərabər başqalarının da dilə diqqətli yanaşmasına yardımçı olmalıdır.
Məclisdə ədəbiyyatla bağlı müxtəlif mövzularda fikir mübadiləsi də aparılıb. Şairlər Gülümbala Nəsirli, Mövlan Şahid, Mehparə Sadıqova, Pakizə Zalova, Rübabə Mustafayeva, İbrahim Ağçaylı, Səxavət Ənvəroğlu və Firudin Həvəskar yeni şeirlərini səsləndirib. Hər bir şeirdən sonra iştirakçıların fikirləri də dinlənilib.
Sonda Məclisin ən fəal üzvü, filoloq Tahir Musayev həm səslənən şeirlər, həm də ümumilikdə ədəbiyyat və dövlət dili ilə bağlı öz fikirlərini təqdim edib.
Məclisin toplantılarında davamlı iştirak edən Əməkdar jurnalist Azər Həsrət də həm görülən işlərlə bağlı danışıb, həm də bəzi texniki məsələlərə münasibət bildirib.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova Məclisin işinə uğurlar diləyib, başçılıq etdiyi qurumun belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu dilə gətirib.
Sonda Fərzalı Ziyanur 2025-ci ilin yanvarına təsadüf edəcək növbəti toplantı ilə bağlı fikirlərini dilə gətirib.
Məclisin ardından iştirakçıların bir qismi Ulu Öndərin Mərkəzin önündəki heykəlinin qarşısında xatirə şəkli çəkdirib.
İlk şərhi yaza bilərsiniz