Press "Enter" to skip to content

“Addım-addım türk dünyası” şüarı ilə yola davam

Müsahibə zamanı

Son yeniləmə: 16 Dekabr 2024 11:51

Ersin Tünay: Türk dünyasının hər yerindən sənətçilərin daxil olduğu vahid bir musiqi kollektivi formalaşdırmaq istəyirik

BAYRAQDAR MEDİA – “Son illər türk dünyasında müşahidə edilən proseslər, inteqrasiyanın daha da dərinləşməsi bizi çox məmnun edir. Çünki bu prosesdən bizə, Kıbrıs türklərinə, ümumilikdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) də pay düşür. Bu gün KKTC Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Düzdür, könül istər ki, bu müşahidəçi üzvlük tezliklə daimi üzvlüyə çevrilsin. Yəqin ki, türk dövlətlərinin rəhbərləri Kıbrıs türklərinin bu haqlı istəyinin tezliklə reallığa çevrilməsi üçün addım atıb, bizləri sevindirəcəklər”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində KKTC-də fəaliyyət göstərən Çağdaş Müzik Derneğinin başqanı və tanınmış xor dirijoru Ersin Tünay deyib.

Bir müddət öncə Bakıda səfərdə olan Ersin Tünayın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik. Hələlik isə onun müsahibə zamanı dilə gətirdiyi vacib bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq niyyətindəyik.

Azərbaycandan KKTC-nin tanınmış mədəniyyət xadiminə iki mükafat

Beləliklə, türk dünyasındakı son gəlişmələri yüksək dəyərləndirən Ersin bəy, onu da əlavə edib ki, bu proseslər dövlət rəhbərlərinin qətiyyəti və iradəsi sayəsində uğurla davam edir: “Lakin bu məsələdə həm də xalqların, o cümlədən ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Bizlər hər birimiz çalışdığımız sahədə türk dünyasının daha sıx birləşməsi üçün addımlar atmalıyıq. Çünki türk dünyasının birliyi dünyanın harasında yaşamasından aslı olmayaraq hər bir türkün özünü daha güvənli hiss etməsi deməkdir”.

Ersin Tünay vurğulayıb ki, xalqları bir araya gətirməkdə, onları bir çətir altında birləşdirməkdə musiqinin də özünəməxsus rolu var: “Biz də bundan yola çıxaraq davamlı addımlar atırıq. Bu yolda ilk addımımızı 2018-ci ildə atdıq. Həmin vaxt 50 nəfərlik heyətlə Bakıda möhtəşəm bir konsert verdik. O konsert türk dünyasının birliyini tərənnüm edirdi. Eyni zamanda bu ilin fevralında Azərbaycanda, Naxçıvan Muxtar Respublikasında gözəl bir konsertimiz oldu. Həmin konsert zamanı Naxçıvandan olan sənətçilərlə səhnəni bölüşdük, birlikdə mahnı oxuduq. Bu, əslində, türk dünyasının inteqrasiyasının sənətdə də öz əksini tapması deməkdir”.

Yeri gəlmişkən, E.Tünay maraqlı bir plan barədə də məlumat verdi: “Bizim 2025-ci ildə Bakıda daha bir konsertimiz olacaq. Həmçinin Orta Asiyanın türk dövlətlərində də konsertlər verməyi planlaşdırırıq. Sizə bir sirr açmaq istəyirəm. Biz 2025-ci ilin Bakı konsertini “Addım-addım türk dünyası” şüarı ilə keçirmək niyyətindəyik. Hesab edirik ki, 2018-ci ildə Bakı konserti ilə əsasını qoyduğumuz mədəni birliyimizi məhz yenə də Bakı konserti ilə yeni, daha geniş ərazini əhatə edəcək bir proqram və planla davam edək”.

Müsahibimiz qeyd edib ki, Bakıdan sonra Özbəksitan, Qırğızıstan, Türkmənistan, hətta Macarıstanda konsert vermək niyyətindədirlər: “Nadir bəy, söhbətimiz zamanı bir fikir səsləndirdiniz ki, türk dünyasının hər yerindən sənətçilərin bir araya gəldiyi bir kollektiv təşkil etmək yaxşı olar. Əslində, bu bizim planda var və danışıqlar da aparılır. Yəni türk dünyasının hər yerindən sənətçilərin daxil olduğu vahid bir musiqi kollektivi formalaşdırmaq istəyirik. Hesab edirəm ki, Bakı konsertində biz bunun ilkin addımını görəcəyik. Ümumilikdə isə bu vahid musiqi kollektivinin TDT daxilində bir status alması, həm türk dövlətlərində keçirilən mühüm tədbirlərdə, həm də dünya arenalarında çıxış etməsi çox gözəl ola bilər. Biz öz tərəfimizdən addımları atırıq və davamlı olaraq bu işləri görürük. İnşallah, yəqin ki, “Addım-addım türk dünyası” şüarı ilə keçiriləcək konsertlərimizə TDT səviyyəsində dəstək də veriləcək”.

Ersin Tünay, sonda onu da deyib ki, bu konsertlərə türk dünyasını düşünən QHT və media qurumlarının da dəstək verəcəyinə əmindir: “Öncədən artıq bu işdə fəaliyyətini türk dünyasına həsr etmiş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin, həmçinin yarandığı vaxtdan türk dünyasının səsinə çevrilmiş BAYRAQDAR MEDİA-nın yanımızda olacağına şübhəmiz yoxdur. Fürsətdən istifadə edib sizlərə hər zaman yanımızda olduğunuz üçün təşəkkür edirik. Eyni zamanda, bu müqəddəs işdə digər qurum və quruluşların da yanımızda olacağına şübhə etmirik. Çünki amalımız türklüyə, türk dünyasına xidmətdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.